Gündəm Özəl

“Quru və su sərhədlərində AQTA-nın fəaliyyəti təşkil olunmalıdır” — Ölkəyə keyfiyyətsiz məhsullar daxil edilir

“Quru və su sərhədlərində AQTA-nın fəaliyyəti təşkil olunmalıdır” — Ölkəyə keyfiyyətsiz məhsullar daxil edilir

Milli Məclisin 2024-cü il yaz sessiyasının ilk iclasında “Qida təhlükəsizliyi haqqında” Qanuna dəyişiklik edilməsi təklif edilib. Deputat Azay Quliyev deyib ki, son zamanlarda qidadan zəhərlənmələr çoxalıb: “Son zamanlar qida zəhərlənməsindən dünyasını dəyişən şəxslərin sayı artıb. İlk növbədə statistika düzgün aparılmalı və ictimaiyyətə məlumat verilməlidir”. Onun sözlərinə görə,bir sıra keyfyyətsiz məhsullar sərhəddən ölkəyə keçirilir: “İstehlaka yararsız məhsulların aradan qaldırılması prosesi çevikləşdirilməlidir. Hava limanında qida təhlükəsizliyinə nəzarət edildiyi kimi, quru və su sərhədlərində də eyni mexanizm tətbiq edilməlidir”, - A.Quliyev əlavə edib.

Məsələyə münasibət bildirən Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, qida sahəsində ölkədə çox ciddi problemlər yaşanır, bu baxımdan müvafiq qanunun müzakirə olunması əhəmiyyətlidir:

“Azay Quliyevin dedikləri ilə razıyam. Quru və su sərhədlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti təşkil olunmalıdır. Hava limanındakı nəzarət burada yoxdur. Qida təhlükəsiz olsa da keyfiyyətsiz ola bilər. Təhlükəli qida insanı bir anda öldürür. Keyfiyyətsiz qida isə bizim yolumuzu apteklərə, xəstəxanalara salır və tədricən sağlamlığımızdan məhrum edir. Sabir Rüstəmxanlı da bu günlərdə eyni mövzuya toxundu. Ötən həftə bir neçə qeyri-hökumət təşkilatının və AQTA-nın nümayəndələri ilə birgə görüşümüz oldu. Məsələ qaldırdıq ki, 2008-ci ildə “Ekoloji Təmiz Kənd Təsərrüfatı haqqında” Qanun qəbul olunub. İndi bu qanun nə üçün ləğv edilir? Təəssüflər olsun ki, qanunun tələblərini yerinə yetirə bilməyən dövlət orqanları onu ləğv etmək yolunu seçib. Bu, yolverilməzdir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova