Biləsuvar rayonunda 1994-cü il təvəllüdlü Mustafa şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Gülərə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 21-də Biləsuvar şəhəri, Vaqif küçəsində baş verib. Mustafa yaşadığı evdə arvadı Gülər ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində, yəni sonuncunun onun ünvanına nalayiq sözlər deməsini əsas gətirərək, yumruq zərbələri ilə bir neçə dəfə sifət və baş nahiyələrindən vurub.
Hadisəni törədən Mustafanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mustafa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailə üzvləri ilə birgə yaşayır və heç bir yerdə rəsmi olaraq işləmir: “Zərərçəkmiş Gülər arvadımdır. Biz 2017-ci ildə evlənmişik. Birgə nikahımızdan 3 az yaşlı övladımız doğulub. Münasibətlərimizin ilk zamanlarında aramızdakı münasibətlər mehriban olsa da, zamanla həmin vəziyyət dəyişdi və bizim aramızda tez-tez mübahisələr baş verməyə başladı. Mənimlə Gülərin arasında baş verən ailədaxili münaqişlərə görə 2023-cü ilin iyul ayında yaşadığımızı evi tərk etdi, Biləsuvar rayonunun kəndində yerləşən valideynlərinin evində yaşamağa başladı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin ilin oktyabrın 21-də, saat 17 radələrində o, yaşadığı evdə olduğu zaman Gülər və onun anası Adilə evin həyətinə daxil olublar: “Bundan sonra Gülər mənə yüksək səslə irad bildirməklə, guya onun anasının üzərinə maşın sürdüyümü söylədi və mənimlə mübahisə etməyə başladı. Həmin mübahisə vaxtı Güləri sakitləşdirməyə çalışaraq, belə bir hadisənin baş vermədiyini ona izah etməyə çalışdım. Amma Gülər mənə inanmadı. Aramızda baş verən mübahisə vaxtı Gülər ünvanıma nalayiq ifadlər işlətməyə başladı. Mən də qəzəblənərək, onu sakitləşdirməyə çalışdım. Bu zaman Gülər sifət nahiyəmdən dişlədiyinə görə, onu yumruq zərbəsi ilə vurdum. Lakin Güləri bel sapı ilə vurmamışam”.
İş üzrə zərərçəkmiş Gülərin sözlərinə görə, əri Mustafa ilə birlikdə yaşadıqları müddətdə sonuncu mütəmadi olaraq onu incidib və evdə səbəbsiz yerə dava-dalaş salıb: “Mustafanın hərəkətlərinə dözməyərək, 2023-cü ilin iyul ayında yaşadığımız evi tərk etdim və valideynlərimin evində yaşamağa başladım. Valideynlərimin yanında yaşadığım müddətdə də məni rahat buraxmadş və daima məni təhqir etdi. Oktyabrın 21-də, saat 17 radələrində evdə olduğum zaman, anam öz bacısı ilə telefon danışığı zaman Mustafanın küçədə idarə etdiyi avtomaşını onun anasının üzərinə sürdüyünü eşitdim. Həmin vaxt əsəblərimə hakim olmadım. Dərhal valideynlərimin evindən çıxaraq, sürətli addımlarla Mustafanın evinə getdim. Anam da arxamca gəldi. Həmin vaxt Mustafa evdə idi. Həyətə daxil olaraq, Mustafaya anamın üzərinə avtomobil sürərək onu qorxutmağının səbəbini soruşdum. Bundan sonra Mustafa üzərimə gəldi, məni döyməyə başladı. Mustafa mənə bir neçə dəfə yumruqla baş və sifət nahiyələrimdən zərbələr endirdi. Daha bir dəfə isə həyətdə olan belin sapı ilə başıma vurdu. Bundan sonra anam və Mustafanın əmisi bizi ayırdı. Anam ilə birlikdə hadisə yerini tərk etdik. Evimizə çatdıqdan sonra atam hadisə barədə dərhal Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə məlumat verdi”. Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mustafa 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.
Fariz Məlikli Demokrat.az


