Gündəm Özəl

Ailə, məktəb və cəmiyyət üçbucağı — Şəxsiyyətin yetişməsində bünövrə

Ailə, məktəb və cəmiyyət üçbucağı — Şəxsiyyətin yetişməsində bünövrə

“Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz хarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli priоritet fəaliyyət sahəsidir. Azərbaycan Respublikasında təhsil milli-mənəvi və ümumbəşəri dəyərlərin priоritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya оlunaraq inkişaf edir”.

Ölkə başçısı İlham Əliyev tərəfindən 2009-cu ildə imzalanmış “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapan bu sətirlər əslində təhsilin ümumi məqsədi və mahiyyətini əks etdirir – vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirmək. Sözsüz ki, bu maraqlar ümumi bir nöqtədə birləşir – təhsilin imkanları hesabına cəmiyyətə və ölkəyə faydalı insanlar yetişdirmək. Dolayısı ilə təhsil həm də bir tərbiyə metodu olaraq qarşımızda dayanır və mühüm funksiyanı icra edir. Qanunda da deyildiyi kimi Azərbaycan Respublikasında təhsilin əsas məqsədi dövlət qarşısında öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirməkdir. Təhsil həm də milli-mənəvi və ümumbəşəri dəyərləri qоruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəхəssis-kadrlar hazırlamalıdır. Qanunda təhsilin məzmunu və təşkilinə dair ümumi tələblər də müəyyənləşdirilib. Təhsildə tərbiyə işinin önəmini nəzərə alsaq, müddəalar arasında yer alan təhsil müəssisəsində tədris prоsesinin təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulmasını təmin etmək və təhsilalana qarşı hər hansı fiziki və psiхоlоji zоrakılığa yоl verməmək bəndi günümüzdə aktual məsələlərə toxunur.

Ailə, məktəb və cəmiyyət üçbucağı — Şəxsiyyətin yetişməsində bünövrə

Bu gün ölkənin təhsil sistemində önəmli islahatlar aparılır. Təhsildə yeni çağırışlardan irəli gələn innovativ həllərin tətbiqinə imkanlar genişləndirilir, müasir metodların ölkə təhsil sisteminə uyğunlaşdırılması hədəflənir, təhsilə yanaşma və baxış bucağı dəyişir. Bütün bunlar təhsildə tədrisin keyfiyyəti ilə bərabər, tərbiyə işinin də önəminə diqqəti çəkir. Təhsil həm də tərbiyə vasitəsi, təhsil ocağı savad və bilik ötürməklə yanaşı həm də təhsilalanın düzgün formalaşmasında məsuliyyət daşıyan bir qurum, müəllim isə təhsil verməklə bərabər həm də ikinci valideyn rolunu oynayır. Uşaqların, yeniyetmə və gənclərin xarakterinin, düşüncə tərzinin, həyata baxışının formalaşmasında, gələcəyin sağlam vətəndaşı kimi yetişməsində, mənəvi-əxlaqi keyfiyyətlərə sahib olmasında məktəb istiqamətləndirici və birbaşa təsiredici rola malikdir. Təəssüf ki, bu gün xüsusilə də məktəb yaşlı uşaqlar arasında neqativ halların artdığının şahidi oluruq. Əvvəl bu hadisələr həmyaşıdlar arasında mübahisədən o tərəfə keçmirdisə, indi şagirdlərin məktəb daxilində və ya məktəbin qarşısında, müəllimin gözü önündə bir-birlərinə silah çəkməkdən belə çəkinmədiyini görürük. Mənfi hadisələrin tez-tez təkrarlanması təhsildə tərbiyə işinin vacibliyini bir daha bizlərə xatırladır. Axı şagird gününün önəmli hissəsini məktəbdə keçirir, ailə və ətraf-mühitin təsirindən əlavə məktəbdə baş verənlər də onun illər ərzində necə formalaşmasında həlledici rol oynayır.

Təhsil eksperti Nabatəli Qulamoğlu Demokrat.az-a açıqlamasında deyib ki, məktəb əsasən tərbiyə verir:

Ailə, məktəb və cəmiyyət üçbucağı — Şəxsiyyətin yetişməsində bünövrə

“Təhsillə bağlı qanunda da qeyd olunub ki, məktəbin vəzifəsi cəmiyyətə yararlı vətəndaş yetişdirməkdir. Məktəb təhsildən tərbiyə vermək üçün bir vasitə kimi istifadə edir. Son hadisələr, əlbəttə, üzücüdür. Məktəb böyük kollektivdir, müxtəlif səbəblərdən vaxtaşırı belə hadisələr yaşanır. Amma son zamanlarda belə hadisələrin geniş yayılması doğrudan da narahatedici haldır, bunun səbəbini mövcud ictimai mühitdə görürəm. Təhsil üç dayaq üzərində qurulub – ailə, məktəb və ictimaiyyət. Hər üçü bir-birilə qarşılıqlı əlaqədədir. Əgər bu dayaqlardan biri laxlasa, təhsil sistemi də büdrəyər. Şagird gününün bir hissəsini məktəbdə, bir hissəsini evdə, bir hissəsini də cəmiyyət arasında keçirir, deməli hər bir faktor uşağın tərbiyələnməsinə təsir edir. Təəssüf ki, bu gün bir çox ailələrdə və cəmiyyətin müəyyən seqmentində vəziyyət heç də ürəkaçan deyil”. Sosioloq Üzeyir Şəfiyev də mövzu ilə bağlı fikirlərini bölüşüb. Ekspert hesab edir ki, məktəb əsas etibarilə təhsil və tədris məkanıdır. O, sayta açıqlamasında bildirib ki, təlim-tərbiyə məsələsi məktəb mühitində baş versə də, onun birinci missiyası təhsil vermək və tədris prosesini həyata keçirməkdir:

Ailə, məktəb və cəmiyyət üçbucağı — Şəxsiyyətin yetişməsində bünövrə

“Günümüzdə uşaqlar və yeniyetmələr arasında baş verən xoşagəlməz hadisələrin səbəblərinin aradan qaldırılmasına kompleks şəkildə yanaşmaq lazımdır. İlk növbədə ailə tərbiyəsindən başlamaq lazımdır, hər bir uşaq, yeniyetmə ailənin güzgüsüdür. Gəlin baxaq, görək onların davranışında ailənin nə qədər payı var. İlkin sosiallaşma institutu kimi ailə fərdin həyatında müstəsna rola malikdir. Ailə uşaqla nə qədər maraqlanır, onun tərbiyəsi ilə nə dərəcədə məşğul olur, məktəbə hansı keyfiyyətlərə sahib uşaq göndərir? Bu ailələr psixoloji baxımdan və sosiallaşma institutu kimi nə dərəcədə öz funksiyasını yerinə yetirir? Öz məsuliyyətinin fərqində olan neçə ailə var, o, cəmiyyətə nə dərəcədə töhfə verə bilir? Natamam ailələrin sayı da çoxalır, çünki boşanmalar artır. Valideynlərin uşaqlara nəzarəti azalıb. Valideyn daha çox dolanışıq, maddi problemlərlə məşğuldur, qayğıları çoxdur. Xüsusən də sosial şəbəkələrdən istifadə geniş yayılandan sonra valideynin uşağa nəzarəti artmalı idi. Sosial şəbəkələr ciddi şəkildə uşağın sosiallaşmasına təsir edir. Sosial şəbəkələrdə neqativ çağırışlar var, oyunlar var, hansı ki gəncləri aqressiv davranışlara, kriminal aləmə sövq edir. Valideyn buna nəzarət edə bilirmi?”

Ü.Şəfiyev qeyd edib ki, televiziyalar, kütləvi informasiya vasitələri, sosial şəbəkələr yeni sosiallaşma institutlarıdır. Əgər əvvəllər uşaqların sosiallaşmasında ailə, məktəb mühiti əsas aktor idisə, bu gün bu işi yeni vahidlər yerinə yetirir:

“Ona görə də valideyn uşağı üzərində aktiv nəzarəti həyata keçirməlidir. Bilməlidir ki, uşaq hansı sosial şəbəkədən istifadə edir, bu nə dərəcədə zərərlidir. Valideyn uşağı ilə səmimi olub ona izah etməlidir ki, uşaq pis ekomühitdən, yanlış çevrədən, dostlardan uzaq durmağı bacarsın. Əfsuslar olsun ki, bəzi dırnaqarası valideynlər nəinki bu vəzifəni yerinə yetirmir, hətta uşağı mağazaya siqaret, spirtli içki almağa göndərir. Və ya öz həyat tərzi ilə uşağına pis örnək olur. Münaqişəli ailələr də uşaqlar üçün zərərli örnəkdir. Təəssüf ki, sosial şəbəkələrdə, bəzi xəbər saytlarında, tv kanallarında kriminal aləmin nümayəndələri qəhrəmanlaşdırılır, onların həyat tərzi təbliğ olunur. Yeniyetmə, uşaq düşünür ki, əgər bu insanlar məşhurdurlarsa, demək düzgün həyat tərzi yaşayırlar, əməllərini təkrarlamaq olar. Bunları görən uşaq elə bilir ki, belə yaşamaq yaxşıdır. Meyxana adı ilə altında vulqar ifadələr, jarqonlar işlədilir. Bəzi kafe və restoranlarda meyxana məclisləri təşkil olunur, yeniyetmələr ora aparılır, orada eşitdiyini, gördüyünü sabah öz hərəkətlərində təkrarlayır. Düşünürəm ki, media fəaliyyətinə bir daha nəzər salmalıdır. Lazımsız insanlar məşhurlaşdırılmamalı, intihar xəbərləri yayılmamalı, zərərli kontentlər verilməməlidir. Bu, həm əxlaq, həm də peşə kodeksinə ziddir”.

Müsahibimizin sözlərinə görə, orta məktəblərdə psixoloqlar, sosial işçilər şagirdlərlə iş aparmalıdırlar. Şagirdin davamiyyətinə ciddi nəzarət edilməlidir:

“Bu, qanunvericilikdə də öz əksini tapıb. Əgər şagird ay ərzində 7 dəfə dərsə gəlməsə, onun valideyni çağırılmalı, xəbərdarlıq edilməlidir. “Təhsil haqqında” Qanunda da bildirilir ki, məktəb şagird, müəllim və valideyn üçbucağından ibarətdir. Deməli, problemlərə kompleks yanaşmaq lazımdır. Tək məktəbi günahlandırmaq olmaz. Əlbəttə, məktəb də ciddi rol oynayır, məktəbdə məsuliyyət daşıyan strukturlar var, sinif rəhbəri var. Elm və Təhsil Nazirliyinin layihəsi olan “Məktəblinin dostu” var, yaxşı olar ki, bu, bütün məktəblərdə tətbiq olunsun və direktordan asılı struktur kimi fəaliyyət göstərməsin. Görürük ki, bir şagird digərini bullinqə məruz qoyur. Bu da nəticədə kriminal vəziyyətə gətirib çıxarır. Şagirdlər arasında subyektiv konfliktlər sonda faciəni qaçılmaz edir. Ailə və məktəb uşağın tərbiyələnməsində çiyin-çiyinə çalışmalıdır, biri digərini nədəsə günahlandırmamalıdır”.

Törə Zeynallı Demokrat.az

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda yayımlanır.

NE
Nihadə Eyyubova