Cəbrayılda günəş elektrik stansiyaları tikiləcək. Ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev bu barədə məlumat verib. O, azad olunmuş ərazilərdə davam edən quruculuq işlərindən də danışıb: “Keçən il ərzində Cəbrayıl, Zəngilan və Qubadlıda Prezident İlham Əliyevin iştirakı ilə 9 kənd, 1 qəsəbə, 3 şəhər mərkəzində müxtəlif yaşayış məhəllələri, məktəb və xəstəxananın təməli qoyulub. Bu yaşayış kompleksləri insanların qayıdışına töhfə verəcək. Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonasıdır. Artıq işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərində ətraf mühitin qorunması əsas prioritetdir. Bu istiqamətdə böyük işlər aparılır”.
Enerji sahəsi üzrə ekspert Zəfər Vəliyev Demokrat.az-a açıqlamasında qeyd edib ki, dövlətin iqtisadi inkişafla bağlı əsas prioritetlərindən biri yaşıl enerjiyə sürətli keçidin təmin edilməsi, metan emissiyalarının və karbon dioksid emissiyalarının azaldılmasıdır:
“Təbii ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında yaşıl enerji mənbələrindən istifadə etmək qarşıdakı illərdə ilk növbədə Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərəcək. Ətraf-mühitin qorunması, eyni zamanda qlobal istiləşmə ilə mübarizədə beynəlxlaq sənədlərə imza atmışıq, öhdəliklərimiz var. Bu çərçivədə nəinki Cəbrayıl, azad olunmuş digər rayonlarda da alternativ bərpaolunan enerji mənbələrindən geniş istifadə ilə bağlı hədəflər müəyyənləşdirilib. Həmin ərazilərdə su elektrik stansiyalarının bərpası və istismarı da nəzərdə tutulur. Bu, digər tərəfdən Azərbaycanın qarşıdakı illərdə enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq, çünki ildən-ilə ənənəvi enerji mənbələrindən istifadə ilə bağlı çətinliklər yaranır. Avropa Birliyinə üzv ölkələrə karbon vergiləri, kvotalar tətbiq olunur. Alternativ enerji mənbələrindən istifadə Azərbaycanın təbii qaz ixracı potensialının artmasına da gətirib çıxaracaq. Çünki Abşeron iqtisadi rayonunda da alternativ enerji mənbələrindən geniş istifadə təbii qaz ixracında stimul yaradacaq, bu da əlavə gəlir deməkdir”.
Törə Zeynallı Demokrat.az


