Gündəm Özəl

İmtahan sualları dərs proqramına uyğun deyil? — AÇIQLAMA

İmtahan sualları dərs proqramına uyğun deyil? — AÇIQLAMA

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib ki, imtahanda abituriyentlərə təqdim edilən suallar heç vaxt tədris proqramından kənar olmur. Onun sözlərinə görə, hər imtahandan sonra da sualların cavabları şərh olunur: "Hətta qeyd edirik ki, hansı dərslikdə, hansı səhifədə sualın cavabı var. Bunu ildən-ilə də təkrar edirik. Təəssüf ki, bunu ictimaiyyətə düzgün təqdim etməyən şəxslər valideynlər arasında yanlış fikirlər formalaşdırırlar. Başa düşürəm ki, valideynlərə yeni proqramla övladına kömək etmək çətindir. Amma zaman dəyişir, tədris prosesi gələcək üçün kadr hazırlayır. Təbii ki, 5-10 il əvvəlki proqram və dərsliklər dəyişir. Valideynlər birinci sinifdən həmin dərslikləri övladları ilə birgə oxusaydılar, imtahana düşən sualların dərslikdən kənar olmadığını görəcəklər".

Təhsil eksperti Rizvan Fikrətoğlu bildirir ki, zaman-zaman ictimaiyyətdə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarında orta məktəblərdə tədris edilən mövzulardan kənar sualların salınması fikri səsləndirilib, əslində isə belə deyil. O, Demokrat.az-a açıqlamasında qeyd edib ki, DİM proqramdan kənar sualları abituriyentlərin qarşısına çıxarmır, çünki qurumun bunda marağı yoxdur, başqa sözlə, DİM abituriyentlərin yüksək nəticə toplamasının qarşısını almaqda qəti maraqlı deyil:

İmtahan sualları dərs proqramına uyğun deyil? — AÇIQLAMA

“Lakin imtahana salınan sualların ilbəil çətinləşməsinin şahidiyəm. Hazırkı abituriyentlər bundan əvvəlki illərdəki həmyaşıdlarından daha çox oxumağa, hazırlaşmağa məcburdurlar. Əvvəllər repetitorsuz da nəticə toplamaq mümkün idisə, bu gün bu fikiri rahatlıqla səsləndirməkdə çətinlik çəkirəm. Başqa sözlə, repetitor hazırlığı olmasa, dərs materialları əzbərlədilməsə, “priyomlar” öyrədilməsə, məktəb dərsi ilə qəbulda normal bal toplamaq çətin ki, mümkün olar. Nəzərə alaq ki, sualların mürəkkəblik və çətinlik səviyyəsi birbaşa kurikulumun mahiyyəti ilə bağlı olub, müəllimin onu nə dərəcədə mənimsəməsi və şagirdə onu necə izah edə bilməsi ilə əlaqəlidir. Ölkəmizdə kurikuluma tam keçid bütün məktəblərdə eyni prinsipə uyğun hələ də həyata keçirilmir. Burada DİM-i təqsirləndirmək düz olmaz”. Ekspert müqayisə üçün onu da qeyd edib ki, 2018-ci ildə 27 abituriyent 700 bal, yüzlərlə gənc 650-dən çox bal yığsa da, 2019-cu ildən indiyə kimi belə nəticələrə rast gəlmirik, ballarda xeyli azalma var: “Bu nəticədəyəm ki, imtahanlarda sualların məzmunu ilə bağlı yaranan narazılıqların kökünü kurikulumun düzgün tədris olunmaması və şagirdlərin onu tam qavraya bilməməsində axtarmaq daha düzgün olardı. Mövcud ümumi təhsilin proqramı çox ağırdır. Hər yenilik sanki repetirorlara xidmət edir.

Amma digər tərəfdən, təhsil getdikcə beynəlmiləlləşir. Azərbaycan beynəlxalq təhsil qiymətləndirmələrində iştirak edir və yüksək nəticə toplamır. Səbəb aydındır, Azərbaycan müəlliminin yanaşması və tədrisin məzmunu beynəlxalq standarta uyğun deyil”.

Ekspert daha bir mənfi məqamın dərsliklərdəki problemlər olduğunu əlavə edib:

“Azərbaycan məktəblisi və onun valideyni, bəzən isə müəllimi müasir dərslikləri anlamaqda çətinlik çəkirlər. Başqa sözlə, metodikası zəif olan bir çox dərsliklərdə şagirdlərin yaşı və psixologiyası, fizioloji xüsusiyyətləri nəzərə alınmır. Əslində, test məntiqi təfəkkürü inkişaf etdirmək əvəzinə, daha çox əzbərçiliyə meyil yaradır. Test üsulunun əleyhinə deyiləm, amma bu üsul əzbərçi nəsil yetişdirməyə xidmət etməməlidir. Nəticədə, mövcud problemlər fonunda DİM-in proqramdan kənar suallar salır tipli fikirlər dövriyyəyə buraxılır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova