İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian qeyd edib ki, 3+3 regional formatı Türkiyə-İran əməkdaşlığını gücləndirəcək.
“Report”un xəbərinə görə bu barədə iranlı nazir Türkiyənin “Milliyet” qəzeti üçün yazdığı məqalədə bildirib.
Onun sözlərinə görə, Türkiyə və İran Qərbi Asiyanın, Fars körfəzinin iki güclü ölkəsi olaraq bu regionları təxribatçı ünsürlərin təsirlərindən qoruya bilər:
"Suriyada sabitliyin təmin olunması üçün yaradılmış Astana formatı, Qafqazda əməkdaşlıq üçün təklif edilən 3+3 formatı, Fars körfəzindəki üçtərəfli və çoxtərəfli əməkdaşlıq kimi ortaq səylər regionda iki ölkə arasında əməkdaşlığa töhfə verən yalnız bir neçə nümunədir”.
İranlı nazirin fikirlərini şərh edən “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəripolitoloq Ramiyə Məmmədova Demokrat.az-a açıqlamasında deyib ki, İran və Türkiyə Yaxın Şərqin ən güclü iki dövlətidir və regionda gedən proseslərdə iştirak etmələri normaldır:

“Bu gün Türkiyədə terrorçulara qarşı aparılan əməliyyatlar bir növ Yaxın Şərqdə gedən terrorçuluq fəaliyyətlərindən irəli gəlir. İran isə Türkiyədən fərqli olaraq terrorçu təşkilatları maliyyələşdirən dövlətdir. İran ABŞ ilə üzdə düşmən münasibətdə olsa da qəbul etmək lazımdır ki, o, Amerikanın Yaxın Şərqdəki qoludur, çox vaxt elə Amerikaya işləyir. ABŞ İranı müharibəyə çəkmək üçün də əlindən gələni edir. Hər zamankı kimi bir neçə stulda oturub, çoxtərəfli siyasət aparır.
İran Yaxın Şərqdə gedən müharibəyə daxil olmaq istəmir, çünki bu, gərginliyin böyüməsinə səbəb olacaq və Türkiyə ərazisinə, Qafqaza kimi gəlib çıxacaq. İran və Türkiyənin Yaxın Şərqdəki müharibəyə daxil olması artıq üçüncü dünya savaşının başlaması deməkdir”.
Ekspertin fkrincə, Yaxın Şərqdəki müharibənin ətraf dövlətlərə sirayət etməsi ABŞ-nin maddi baxımdan güclənməsinə şərait yaradacaq:
“Çünki artıq silah satmağa başlayacaq, bütün tərəflərə hərbi dəstək verəcək. Fələstində baş verənlərin də səbəbkarı ABŞ-nin özüdür. İran da bir növ özünü hadisələrdən kənarda saxlamaq üçün təxribatçılara dəstək olmayacağını bildirir.
İran digər dövlətlərlə münasibətlərini normallaşdırmağa çalışır. Qafqazda 3+3 formatında gedən proseslərdə İran da təbii ki, rol oynamalıdır, çünki siyasi və iqtisadi maraqlar hər bir ölkə üçün dostluqdan üstündür.
Necə ki, İranın Zəngəzur dəhlizi məsələsində Ermənistanı dəstəkləmədiyini görürük”.
Törə Zeynallı Demokrat.az


