Kriminal Özəl

Mağaza sahibi nisyə araq vermədi, müştəri isə... — MƏHKƏMƏ

Mağaza sahibi nisyə araq vermədi, müştəri isə... — MƏHKƏMƏ

Şəmkir rayonunda 1985-ci il təvəllüdlü Talıb Əhmədov tanışı Ruslan adlı şəxsə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 21-də Şəmkir rayonunun Zəyəm qəsəbəsində baş verib. Talıb Əhmədov qəsəbədə yerləşən “Sinan” marketin qarşısında ona pul borcunu ödəmədən spirtli içki satmayacağını deməsi səbəbindən onunla mübahisə etməyə başlayıb. Həmin mübahisə zəminində Talıb Əhmədov əlləri ilə Ruslanın sifət və baş nahiyəsinə bir neçə yumruq zərbəsi vurub, fiziki zor tətbiq edib.

Hadisəni törədən Talıbın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Talıb ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü axşam saatlarında Zəyəm qəsəbəsində yerləşən “Karyer” adlı yaşayış massivində kafedə pivə qəbul edib: “Bir neçə dəqiqə sonra evimə tərəf gələn zaman evimin yolunun üzərində olan “Sinan” marketi Ruslanın işlətməsi səbəbindən oraya daxil olaraq bir ədəd pivə verməsini istədim. Ruslan mənə 2 manat 50 qəpik pul borcumun olduğunu, həmin pulu vermədən pivə verməyəcəyini dedi. Ruslan məni təhqir etməyə başladı və mağazadan çölə çıxartdı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman əsəbiləşib və Ruslanın üzərinə gələrək bir dəfə üz nahiyəsinə yumruqla vurub: “Ruslan yumruğun zərbəsindən yerə yıxıldı. Daha sonra Ruslanın mağazası ilə evinin arasındakı məsafə az olduğundan evinə tərəf qaçdı. Bu zaman yenidən üzərinə gələrək bir daha yumruqla vurdum. Bu zaman Ruslan yerə yıxılaraq huşunu itirdi. Daha sonra Ruslanın atası ilə münasibətim yaxşı olduğundan onun gəldiyini gördüm, davanı saxladım. Hadisə yerdində Ruslanın atası Famil Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdi”. Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Talıbın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova