Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan Azərbaycandan Naxçıvana gedən yolda Rusiya sərhədçilərinin yerləşdirilməsini istəmir. Qeyd edib ki, bu marşrutun hələ də açılmamasının səbəbi İrəvanın mövqeyidir, kimsə bu barədə ona məsləhət verir. Lavrov çıxışında Avropa Birliyi, Fransa, Almaniya və ABŞ kimi beynəlxalq tərəflərin bu məsələdə məsuliyyət daşıdığını əlavə edib.
Lavrovun açıqlamasına münasibət bildirən siyasi şərhçi Məhəmməd Əsədullazadə Demokrat.az-a bildirib ki, Rusiyanın əsas məqsədi dəhlizə öz hərbçilərini yerləşdirmək və tam nəzarəti ələ keçirməkdir:
“Ermənistan hakimiyyəti və Qərbin mövqeyi isə ondan ibarətdir ki, rus sərhədçiləri olmadan Ermənistan özü bu yola nəzarət etməlidir. Azərbaycan isə dəhlizə nə Qərbin, nə də Rusiyanın nəzarət etməsini istəyir. Məqsəd dəhlizə maneəsiz giriş-çıxışın təmin olunmasıdır. 10 noyabr bəyannaməsinin bəndlərini nə Rusiya, nə də Ermənistan yerinə yetirib. 9-cu bəndin həyata keçirilməsi üçün Azərbaycan siyasi gücdən istifadə etməlidir. Zəngəzur dəhlizinə əsgər yerləşdirmək Rusiyanın Cənubi Qafqzda mövqeyini gücləndirmək istəyindən irəli gəlir. Bununla iki ölkəni də nəzarətində saxlamaq istəyir. Ermənistanın müstəqil siyasi iradəsi olmalıdır ki, heç bir üçüncü tərəf dəhliz üzərində maraqlarını təmin edə bilməsin və bölgəyə yerləşməsin”.
Törə Zeynallı Demokrat.az


