Bakının Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələrində sarılıq kimi bilinən Hepatit “A” virusu yayılıb. Xəstəliyin yayılmasına səbəb içməli su olduğu iddia olunur. Sakinlər kanalizasiya suyunun içməli suya qarışdığını deyiblər.
Hidroloq Rövşən Abbasov Demokrat.az-a açıqlamasında deyib ki, kanalizasiya suyunun içməli suya qarışması ehtimalı köhnə şəbəkələrdə olur:

“Köhnə paylayıcı şəbəkələrin olduğu və suyun fasilələrlə verildiyi yerlərdə çirkab sularının içməli suya qarışması ehtimalı var. Su təzyiqlə evlərə veriləndə borulardakı deşiklərdən ətraf qurunta su sızır. Suyun verilməsi təkrar dayandırıldıqda təzyiqi düşür, deşiklər vasitəsilə borular ətraf quruntdan suyu sovurmağa başlayır. Yenidən su veriləndə boruda qalan qarışmış su evlərə axır. Həmin qurunt suyunda kanalizasiya suları da ola bilər. Suyun fasilələrlə verildiyi yerlərdə su gələndə bir neçə saat gözləyib daha sonra ondan içmək üçün istifadə etmək lazımdır. İçməli suyu əsasən axşam saatlarında yığmaq yaxşıdır, çünki axşama qədər borular təmizlənir, xlorun miqdarı azaldır. Suyu yığandan sonra dərhal qaynatmaq düzgün deyil, ağız açıq şəkildə bir qədər gözlətmək lazımdır ki, xloru təmizlənsin. Bəzi yerlərdə cod suyu çıxmaq şərtilə Bakıya verilən su tamamilə içməyə yararlıdır, tərkibində bakteriya və virus törədən maddələr yoxdur. Suyun codluğu yüksək olan yerlərdə yumşaldılmasına ehtiyac var. Yumşaldıcı vasitəri vətəndaşlar özləri də düzəldə bilərlər. Suyu qaynadanda onun dibində çöküntülər əmələ gəlir, su xeyli yumşalır”.
Törə Zeynallı Demokrat.az


