Astara rayonunda 1980-ci il təvəllüdlü Pərviz münaqişə zamanı ögey anası Firuzəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 24 oktyabr 2023-cü ildə Astara rayon Şəvqo kəndində baş verib. Pərviz yaşadığı evinin həyətində şəxsi münasibətlər zəmində mübahisə zamanı ögey anası Firuzənin sol qol nahiyəsinə ağac parçası ilə qəsədən zərbə vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Pərvizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
İş üzrə zərərçəkmiş Firizənin sözlərinə görə, təqsirləndirilən Pərviz onun ögey oğludur: “Münasibətlərimiz həmişə gərgin olub. Oktyabrın 24-də, saat 13 radələrində ögey oğlum ərimlə mübahisə etdi, onu nalayiq söyüşlərlə söydü. Buna görə aramızda mübahisə baş verdi. Həmin vaxt Pərviz yerdən ağac parçası götürdü və mənim sol əl nahiyəmə vurdu. Hadisədən sonra təqsirləndirilən şəxs məndən üzr istədiyinə görə, onu bağışlamışam”.
Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Pərvizin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


