Ölkənin əksər kəndlərində bankomatlar yoxdur. Rayon mərkəzinə yaxın kəndlərdə yaşayan insanların bank xidmətlərinə əlçatanlığı olsa da ucqarlarda adicə bankomatdan pul çəkmək üçün insanlar çətinliklərlə üzləşirlər. Əlverişsiz havalarda xüsusən avtobus, maşın tapıb mərkəzə getmək müşkülə çevrilir.
Məsələyə bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında münasibət bildirib. Onun sözlərinə görə kənd yerlərində bankomatlar yerləşdirmək banklara sərf etmir:

“Kəndlərdə elə də müştəri bazası yoxdur. Elə ucqar kəndlər var ki, orada bir neçə sakin yaşayır, əksəriyyət köçüb. Müştəri bazası olmadığına görə də bank gəlir götürə bilmir. Bunun üçün işçilər də ayrılmalıdır ki, mütəmadi həmin kəndlərə gedib bankomatları doldursunlar. Kəndin sakinləri də ayrı-ayrı bankların müştərisi ola bilər.
Problemin həllinin ən düzgün yolu “Azərpoçt”un səlahiyyətlərinin artırılmasıdır. “Azərpoçt” maliyyə xidmətləri də göstərir, həmçinin bankomat xidmətləri də göstərə bilər. Hər kənddə poçt şöbəsi var. Sadəcə gəliri azdır. “Azərpoçt” əmanətlər də qəbul edə bilir, amma kredit verə bilmir. Qurumun səlahiyyətləri genişləndirilsə, kənd əhalisinə kiçik həcmdə kreditlər də verilə bilər”.
Törə Zeynallı Demokrat.az


