İbtidai sinif şagirdləri arasında maraqlı sorğu keçirilir. Ölkənin müxtəlif bölgələrində təhsil alan 861 ibtidai sinif şagirdi arasında “Agora” Analitik Kollektivinin apardığı sorğu onların gələcəkdə hansı peşəyə sahib olmaq istədikləri barədə olub. Nəticələr uşaqların təhsil aldıqları bölmələr üzrə fərqlənir. Belə ki Abşeron yarımadası və bölgələrdə təhsil alan 1-4-cü sinif oğlanlarının əksəriyyəti polis və hərbçi, qızlar isə müəllim və həkim olmaq istəyirlər. İngiliscə təhsil alanlar arasında futbolçu, biznesmen, müğənni, rusca təhsil alanlar arasında isə biznesmen, pilot, həkim, rəssam olmaq istəyənlər də var, amma faiz nisbəti azdır. Uşaqlarda peşələrə maraq, gələcəkdə isə onların ixtisas seçimləri nəyə əsaslanır?
Təhsil eksperti Kamran Əsədov Demokrat.az-a açıqlamasında deyib ki, aparılan tədqiqatlara əsasən abituriyentlərin ixtisas seçiminə bir neçə amil təsir göstərir:
“Bir tədris ilinin sonunda orta ümumtəhsil məktəblərini təxminən 85 minə yaxın məzun bitirir. Onlardan azı 60 minə qədəri ali təhsil müəssisələrinə qəbul olmaq, gələcəyin ixtisaslı kadrı olmaq istəyir. Valideynlərin istəkləri, uşaqların hər hansı mənbədən aldıqları informasiya və toplanan bal ixtisas seçiminə təsir edir. Sonradan statistik təhlil aparanda görürük ki, öz istədiyi ixtisasa qəbul olunmuş şəxslər arasında uğur qazananlar daha çoxdur. Bu gün ölkənin 51 universitetində 187 min tələbə təhsil alır. Bir qəbul ilində azı 55 minə yaxın şəxs bakalavr səviyyəsinə qəbul olur. Təəssüflər olsun ki, 4 ildən sonra onların yalnız 42 faizi öz ixtisasları üzrə işləyir”.
Ekspert qeyd edib ki, günümzdə ali təhsil müəssisələri əmək bazarının tələbinə cavab verə bilmir, trendlərdən geri qalır, ixtisaslar bazarın tələbinə uyğun deyil:
“Bunlar ciddi problemlərdir. Əmək bazarında işlə təminatı bir neçə istiqamət üzrə bölə bilərik. Dövlət orqanlarında işə qəbulda uğurlu olanlar, yəni xüsusi təyinatlı təhsil müəssisələrini bitirənlər daha yaxşı işlə təmin oluna bilirlər. Polis Akademiyasında, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında, Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasında təhsil alanların işlə təminatı daha yaxşıdır.
Bundan əlavə, daha yaxşı iş tapmaq imkanı olanlar həkimlərdirlər. Tibb ixtisaslarını bitirənlər həm dövlət, həm özəl sektorda işlə təmin oluna bilirlər. Mühasiblərə, müəllimlərə də hər zaman ehtiyac var, amma bu peşələrdə işə qəbula şəxsi keyfiyyətlər, bilik və bacarıqlar təsir edir.
Jurnalistika da maraqlı sahədir, amma iş təminatı heç də həmişə uğurlu olmur. Məzunların cüzi hissəsi dövlət sektorunda işləyə bilir. Kimsə həkim olmaq istəyir, stomatologiyanı seçir, amma universitetdə praktikalar zamanı məlum olur ki, qana, insan orqanlarına baxa bilmir və s.”.
K.Əsədov gələcəkdə tibb, informasiya-kommunikasiya texnologiyaları ixtisaslarının öz aktuallığını qoruyacağını bildirib:
“Dünyada texnologiya olduqca sürətlə inkişaf edir. Bu gün dünyada gedən texnoloji yeniliklər insanların bu ixtisaslara marağını, həmçinin tələbi də artırıb. Düzdür, dövlət orqanlarında bu ixtisaslarla bağlı kütləvi qəbul yoxdur, amma gələcəkdə bu ixtisaslardan törəmə peşələr daha çox olacaq.
Hər il ali məktəblərə pedaqoji ixtisaslar üzrə qəbul həyata keçirilir. Təkcə 2023-cü ildə müəllim olmaq üçün 60 min nəfər sənəd vermişdi, amma onların cəmi 8 mini işə qəbul edildi. Müəllimliyə qəbul şəffaf aparılır, amma görünür ki, heç də hamı işə qəbul ola bilmir. Ölkədə 960 müəllim var ki, əməkhaqları 2000 manatdan yuxarıdır. Bu, cəlbedicidir, lakin əsas məsələ nə qədər saytda insanın işə qəbul olmasıdır”.
Ekspert onu da əlavə edib ki, valideyn övladının hansısa ixtisasa qəbul olmasını istəyir, amma reallığı təhlil edə bilmir, həmin ixtisas üzrə neçə nəfərin işlə təmin olunduğundan xəbərsizdir:
“Elə sahələr də var ki, orada ümumiyyətlə ali təhsilə ehtiyac yoxdur. I ixtisas qrupunda texniki və mühəndislik ixtisasları var ki, məzunların işlə təmin olunma faizi çox aşağıdır. Amma gənclər az balla həmin ixtisasları seçirlər.
Tədqiqatlar göstərir ki, az bal toplamış, məqsədi sadəcə ali məktəbə daxil olmaq olan şəxslər əmək bazarında özlərinə yer tapa bilmirlər. 9-cu sinifdən etibarən ali məktəblərə qəbul olmaq istəyən şəxslərə karyera məsləhətləri, ixtisaslarla bağlı məlumatlar verilməlidir. Hesab edirəm ki, Azərbaycanda əmək bazarının ciddi şəkildə təhlilinə ehtiyac var. Abituriyenlər çox təəssüf ki, ixtisaslarla və peşələrin gələcəyi ilə bağlı informasiyaya sahib deyillər”.
Törə Zeynallı Demokrat.az


