Hadisə Özəl

Bakıda 49 yaşlı kişi anasının sevgilisinə xəsarət yetirdi — TƏFƏRRÜAT

Bakıda 49 yaşlı kişi anasının sevgilisinə xəsarət yetirdi — TƏFƏRRÜAT

Bakının Səbail rayonunda 1975-ci il təvəllüdlü Həzi anasının ikinci əri Abbasa (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Qazax rayon sakini olan Həzi ötən ilin sentyabrın 25-də mənzilin giriş otağında şəxsi münasibətlərin kəskinləşməsi zəminində Abbasın sifətindən, sol gözü nahiyəsindən yumruqla vurub.

Hadisəni törədən Həzinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həzi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, anası Rəisə 2001-ci ildə Abbas ilə qeyri-rəsmi ailə həyatı qurub:

“Anam Abbas ilə Bakı şəhərində yaşayıblar. Mən rayonda qaldığım üçün tez-tez anamı görmək üçün Bakı şəhərinə gəlirəm. Hadisədən əvvəldə anamı görmək üçün Bakı şəhərinə, onlara qonaq gəldim. Mən evə daxil olan zaman Abbas evdə olub. Abbas məni xoş qarşıladı. Daha sonra anam süfrə açdı, biz yemək yedik”.

Təqsirləndirilən şəxs deyib ki, növbəti gün günorta saatlarında Abbas evə gəlib:

“Mən yuxudan oyanaraq Abbasın anama nalayiq ifadə işlətdiyini eşitdim. Mən Abbasın üzərinə gedərək “anamı niyə təhqir edirsən?” deyə bildirdim. Abbasın üz nahiyəsindən, sol gözündən yumruq zərbəsi ilə vurdum. Daha sonra anam bizi ayırdı. Mən həmin evi tərk edərək tanışım Elşənin evinə getdim. Növbəti güm anam yaşayan evə yenidən gəldim. Anam mənə Abbasın polisə şikayət etdiyini bildirdi. Həmin vaxt Abbas evdə olmayıb”.

Bu cinayət işinə Səbail Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən onun barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az