Quba rayonunda 1962-ci il təvəllüdlü Adil ailə münaqişəsi zəmninində yaranan mübahisə zamanı həyat yoldaşı Səmayəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 10-da Quba rayonunun Alpan kəndində baş verib.
Adil yaşadıqları evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı arvadı Səmayənin saçlarından tutaraq dartıb, başını divara vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Adilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, arvadı Səmayə ilə aralarında arada söz-söhbətlər baş verib:
“Mən mütəmadi olaraq spirtli içki qəbul edirəm. Hadisə günü səhər saatlarında kənd mərkəzinə getdim. Orada tanışlarım ilə spirtli içki içdim. Saat 12 radələrində yaşadığım evə gəldim və nahar yeməyində araq içdim. Araq içməyimə əvvəl oğlum irad bildirdi. Mən isə oğlumun iradına qəzəblənərək evdə söz-söhbət yaratdım. Ucadan danışaraq həyat yoldaşım və oğlumun ünvanlarına nalayiq ifadələr işlətdim.
Həyat yoldaşım buna görə məni sakitləşdirməyə çalışsa da, otaqda olan stəkan, nəlbəkini yerə ataraq sındırdım. Arvadımdan boşanmasını tələb edərək üstünə qışqırdım. Sonra isə üzərinə getməklə saçından tutub dartdım və otağın divarına başını vurdum. Arvadım evdən qaçaraq barəmdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdi. Münaqişə birgə yaşadığımız evdə baş verib”.
İş üzrə zərərçəkmiş Səmayənin sözlərinə görə, evliliklərinin ilk vaxtlardan əri Adil spirtli içki düşkünü olub, hər gün spirtli içki qəbul etməklə münaqişə yaradıb, onu dəfələrlə döyüb:
“Adil hadisə günü evdən səhər saatlarında çıxaraq kənd mərkəzində araq içdi. Saat 12 radələrində ev qayıtdı və nahar yeməyində araq içdi. Bir qədər sonra evdə məni və oğlumu əsassız yerə söydü. Bundan sonra Adil məndən boşanmağı tələb etdi. Otaqda olan qab-qacağı yerə ataraq sındırdı. Buna görə ona iradlarımı bildirdim. Bu zaman daha da qəzəbləndi. Otaqda üzərimə gəldi, əli ilə saçımdan tutub dartışdırmaqla başımı divara vurdu. Mən evdən qaçdım və Adilin hərəkətləri barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Mən ərimi vurmamışam, onu xəsarət yetirməmişəm”. Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Adilin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


