“Ölkədə marketlər şəbəkəsi də inhisar altındadır. Ümumi qiymət qoyulur və bu qiymətlər operativ şəkildə idarə edilmir. Qiymətlər diqtə olunur və həmin qiymətə satılır məhsul. Məhsul bol olanda məhsulu ucuzlaşdırmaq, onun dövriyyəsini artırmaq üçün tədbirlər görmək fikrinə düşən subyekt olmur. Bazarda mərkəzləşdirilmiş qaydada qiymətlər müəyyən olunur, ona görə də məhsul bol olanda onu ucuzlaşdırıb satışını həyata keçirmək Azərbaycan iqtisadiyyatı şəraitində bir qədər çətindir”.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib. O, ötən gün “Bravo” supermaketində məhsulların atılması barədə yayılan görüntülərə münasibət bildirib. Qeyd edib ki, qiymətlər müəyyən edilərkən real vəziyyət nəzərə alınmır:
“Hər hansı marketdə məhsulun az və ya çox olmasını, dövriyyəsini müəyyənləşdirmirlər. Piştaxtalarda xarab məhsul görən alıcılara isə bu, pis təsir edir. Market də həmin məhsulları yığışdırıb atır. Əgər market şəbəkələri rəqabətli fəaliyyət göstərsəydi, hər bir marketin özünü qiymət siyasəti olsaydı, buna cavabdeh şəxslər qiymətləri vəziyyətə uyğun tənzimləyə bilərdilər. Bunun üçün həm internet üzərindən araşdırmalar edilməli, həm satış dövriyyəsi dəyərləndirilməlidir. Bu da rəqabətli mühit üçün keçərlidir. Bizdə bu olmadığına görə bu cür neqativ hallar yaşanır”.
Qeyd edək ki, ötən gün “Bravo” supermarketində çalışan əməkdaşlardan birinin lazımsız məhsulları zibil qabına atmasını əks etdirən video sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Məsələyə yanaşma birmənalı olmayıb. Bəziləri qeyd edib ki, məhsullar atmaq əvəzinə onları ehtiyacı olan insanların götürməsi üçün zibil qutularının yanına qoymaq olar. Bəziləri isə bildiriblər ki, zibil qabına atılan məhsullar yararsız olduğu üçün istifadəsi təhlükəlidir və tullantılar ətrafın çirklənməsinə səbəb olur.
Törə Zeynallı Demokrat.az


