Ermənistan Milli Məclisinin müxalif “Hayastan” blokunun deputatı Qarnik Danielyan anklav kəndlərə yaxın yaşayış məntəqələrinin boşaldılması ilə bağlı açıqlama verib. O deyib ki, Azərbaycan həmin kəndləri geri qaytarmaq üçün əməliyyatlara başlaya bilər. Məhz buna görə də anklav kəndlərə yaxın olan ərazilərdə yaşayan ermənilər bölgəni tərk edirlər.
Anklavların qaytarılması üçün yeni hərbi əməliyyatlara başlanılması ehtimalına münasibət bildirən politoloq Natiq Miri hesab edir ki, bu barədə ortaya atılan fikirlər daha çox erməni ictimai rəyini hökumətə qarşı qaldırmaqdan ibarətdir. N.Miri Demokrat.az-a açıqlamasında deyib ki, Ermənistan dövləti tərəfindən kütləvi olaraq köçürülmə ilə bağlı hər hansı bir qərar yoxdur:
“Bu, Ermənistan müxalifəti tərəfindən zaman-zaman dilə gətirilən məsələdir. Bu ərazilərdə yaşayan imkanı olan insanlar gələcəklərini sığortalamaq üçün yeni ərazilərə köç edirdilər, amma köç kütləvi şəkildə baş vermir. Düşünürəm ki, bu, şişirdilmiş məsələdir”.
Politoloq qeyd edib ki, Azərbaycan öz torpaqlarını işğalda qoymaq fikrində deyil:
“Yanvarın sonunda sərhədlərin müəyyənləşdirilməsi üçün delimitasiya komissiyasının növbəti iclası keçiriləcək. Qazaxın anklavda olmayan dörd kəndinin qeyd-şərtsiz qaytarılması müzakirə predmeti olacaq. Bu konteksdə hüquqi sənədlər və xəritələr ortaya qoyulacaq. Bundan başqa İranla Ermənistanın ticari tərəfdaşlığının genişləndiyi bir vaxtda Qazaxın kəndlərinin önəmi daha da artır. Belə ki Hindistan, İran, Ermənistan və Gürcüstan Qara dəniz vasitəsilə yüklərin daşınması ilə Avropaya çıxışı təmin etmək istəyir. Bu, Azərbaycanı gözardı edən bir layihədir. Xüsusən də anklavda olan Yuxarı Əskipara kəndinin geri qaytarılması dolayısı ilə həm Hindistanın, həm də İranın Gürcüstana gedən yolunu bağlayacaq. Çünki bu yol həmin kənddən keçir. Həmin kənd Azərbaycanın nəzarətinə keçsə, istər danışıqlar, istərsə də bir neçə saatlıq hərbi əməliyyatlarla bu layihə də nəzarətimiz altına keçər”.
Törə Zeynallı Demokrat.az


