“Uşaq evlərində yaşayan uşaqların diqqət və qayğıya xüsusi ehtiyacı var. Belə uşaqlar risk qrupuna daxil olan ailələrdəndirlər, həssas qrupa aiddirlər. Onlar uşaq evlərinə yerləşdirilərkən yaş həddi nəzərə alınır”.
Bunu Demokrat.az-a açıqlamasında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva deyib. O, ötən gün paytaxtda yerləşən uşaq evlərindən birindən 14 yaşlı yeniyetmənin itkin düşməsi hadisəsinə də münasibət bildirib:
“14 yaşında uşaq itkin düşürsə, onun həmin uşaq evində neçə il qalması araşdırılmalıdır. Uşaqlar müəssisəyə yerləşdirilərkən uzun reabilitasiya dövründən keçməlidirlər, onların adaptasiya prosesi üçün bu, vacibdir. 14 yaş keçid dövrüdür, bu yaşda uşağı uşaq evində qapalı saxlamaq mümkün deyil. Onlar daha çox kənarda vaxt keçirməyə can atırlar. Ola bilər ki, uşağın qohumları onu bu addımı atmağa təhrik ediblər. Ümumiyyətlə uşaq evlərindəki uşaqların təhsil alması, yaşıdları kimi sosial həyatlarının olması vacib məsələdir. Bu məqamlar nəzərə alınır və lazımi səviyyədə təşkil olunur. Uşaqlar məktəbə gedir, muzeylərə, teatrlara aparılır, gəzintilərə çıxarılırlar. Uşaq evlərində psixoloqlar daimi olaraq uşaqlarla işləyirlər. Hər bir uşağa fərdi yanaşılır. Uşağın uşaq evindəki xoşagəlməz hallara görə qaçdığını iddia etmək olmaz, müxtəlif səbəblər ola bilər”.
Qeyd edək ki, ötən gün Bakıda 3 saylı uşaq evindən 14 yaşlı oğlan qaçıb. Polisin axtarışlarından sonra yeniyetmə Ağayev Cümşüd Elşad oğlu bu gün tapılaraq müəssisəyə təhvil verilib. Fakt üzrə araşdırma aparılır.