Sosial Tədqiqatlar Mərkəzi 2024-cü il üçün vətəndaşların ölkə və dünya ilə bağlı ümumi gözləntilərini öyrənmək məqsədilə rəy sorğusu keçirib. Sorğunun nəticələri müxtəlif yaş kateqoriyaları və cins nisbətinə görə təhlil edilib. Məlum olub ki, yaş artdıqca nikbin mövqedə olanların sayında artım var. Belə ki, ölkə ilə bağlı 18-24 yaş qrupu respondentlərin 53,3%-i, 35-44 yaş qrupu respondentlərin 69,5%-i, yaşı 65-dən yuxarı olanların 82,2%-i nikbindir.
18-24 yaş arası gənclərin digər yaş qrupu əhali ilə müqayisədə niyə daha bədbin düşündüyü ilə bağlı Mərkəzin əməkdaşı təhsil eksperti Elmin Nurinin fikirlərini öyrəndik.
O, Demokrat.az-a açıqlamasında bu kimi sorğuların nəticələrinə əsasən 18-24 yaşlardakı gənclərin digər yaş qruplarına nisbətdə daha bədbin düşüncədə olduğunu təsdiqlədi:
"Bunun bir neçə səbəbi var. Bunlardan biri əmək bazarı ilə bağlı narahatlıqlardır. 18-24 yaşlı gənclərin əksəriyyəti tələbədir. Çox güman əksəriyyəti öz profillərinə uyğun iş yeri tapmaqda, özlərini cəmiyyətə realizə etməkdə çətinlik çəkir. Öz sahəsini yüksək səviyyədə bilən, xüsusən də dövrün müasir tələblərinə cavab verən ixtisaslarda püxtələşmiş insanlar işsiz qalmırlar, onlara əmək bazarında tələbat böyükdür. Amma bəzi ixtisaslar var ki, cəmiyyət üçün əvvəlki qədər aktual deyil. Bu ixtisasları bitirən şəxslər də bəzən gələcək iş qayğılarına görə nikbin ola bilmirlər. Şəxs hansı ixtisasa yiyələnməsindən asılı olmayaraq özünü başqa sahədə də yetişdirə bilər. Təəssüf ki bizdə bu mövzu ətrafında düşüncələr doğru formalaşmayıb. Məsələn, kimsə sənətşünaslıq ixtisası üzrə oxuyubsa, o, gələcəkdə əmək bazarındakı mövqeyi barədə narahat olacaq. Bu cür ixtisaslar çoxdur. Şəxs bilmir ki, müxtəlif istiqamətlərə aid özünü inkişaf proqramları var, layihələrin idarə edilməsi, menecerlik ixtisasları var. Şəxs ali təhsil aldığı müddətdə bunlarla da maraqlana və özü üçün bir yol müəyyənləşdirə bilər".
Ekspertin fikrincə, ikinci səbəb 18-24 yaş qrupu gənclərin hədəfə yönəlik fəaliyyət göstərməməsidir: 
"18 yaş hələ erkən ola bilər, amma 24 yaşında gəncin artıq gələcək 10 ilə dair hədəflər paketi olmalıdır. O, özü üçün karyera paketi hazırlamalıdır. Amma bu gün gənclərimizin psixologiyasında bir bədbinlik var. Bunun da əsasında təhsil dayanır. Universitetlər işlərini gənclərin gələcəyə hazırlıqlı olması istiqamətində qurmalıdır. Universitetlərdə karyera mərkəzləri olmalıdır, sadəcə formal fəaliyyət göstərməməlidir, tələbələrdə görüşlər keçirməlidir. Bu günün bədbin tələbəsinə sabahın uğurlu kadrı kimi baxmaq olmaz. Əgər ən çox enerjisi olan kəsim bədbindirsə demək gələcəyə inamı yoxdur".
Törə Zeynallı Demokrat.az


