Kriminal Özəl

Yetkinlik yaşına çatmayan oğlan intim görüntüləri ilə şantaj edildi —TƏFƏRRÜAT

Yetkinlik yaşına çatmayan oğlan intim görüntüləri ilə şantaj edildi —TƏFƏRRÜAT

Şəmkir rayonunda 1998-ci il təvəllüdlü Nizami həmkəndlisi Qasımı (adlar şərti verilib – red.) intim görüntüləri ilə şantaj edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Nizami 1 aprel 2023-cü ildə tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq əldə etmək niyyəti ilə həmkəndlisi, azyaşlı Qasıma məxsus mobil nömrənin “Whatsapp” yazışma şəbəkəsinə içərisində sonuncuya məxsus rüsvayedici məlumatlar olan videogörüntüləri atıb.

Bundan sonra Qasımın atası Yusif ilə telefon əlaqəsi saxlayaraq ondan yaxın qohumu hesab edilən oğlunun haqqında rüsvayedici məlumatlar olan videogörüntüləri sosial şəbəkələrdə yayma hədəsi ilə 1.000 manat məbləğində pulu hədə-qorxu ilə tələb edib.

Hadisəni törədən Nizaminin barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham verilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nizami ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2023-cü ilin aprelin əvvəllərində “İnstagram” sosial şəbəkəsində Gülnar adlı qadınla danışmağa başlayıb: “Həmin qadınla danışan zaman Gülnar mənim Şəmkir rayonu, Seyfəli kəndində yaşadığımı bildi. Gülnar mənimlə eyni kənddə yaşayan bir nəfər şəxsin 2 il əvvəl lüt videolarını atdığını bildirdi. Daha sonra Gülnar mənə həmin videoları atdı. Məndən həmin şəxsi tanıyıb-tanımadığını soruşdum. Mən isə videoya baxan zaman həmin şəxsin həmkəndlimiz “Şoşu” ləqəbli Qasımın olduğunu gördüm. Elə həmin gün həmkəndlim Əlinin ad gününə getdim. Orada spirtli içki qəbul etdim. Daha sonra ağlıma Qasımın etdikləri gəldi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bir müddət əvvəl yaşadığı evlərinin yaxınlığında yerləşən çayxanadan tapdığı mobil nömrəyə “Whatsapp” açıb, Qasıma məxsus mobil nömrəyə həmin videoları atıb:

“Özümün kim olduğunu Qasıma demədim. Sadəcə olaraq videoda kimin olmasını, tanıyıb–tanımadığını Qasımdan soruşdu. Qasım isə “videoda olan mən deyiləm” - dedi. Qasıma “oldu sağ ol” yazdım.

Sonra Qasıma “Whatsapp”da yığmağa başladım. Qasım başqa yerdə olduğunu, onu yığmamağımı dedi. Bu zaman Qasım məni blok etdi. Bundan bir qədər sonra mənə xatırlamadığım nömrədən bir nəfər mesaj yazaraq Qasımın atası olduğunu dedi, videonu silməyimi istədi. Həmin vaxt sərxoş vəziyyətdə olduğumdan əsəbləşdim. Bu səbəbdən də Qasımın atasına guya ki, həmin video üçün 400 manat pul verdiyimi, ümumilikdə mənə 1.000 manat pul verməsə həmin videoları yayacağımı, hamısını biabır edəcəyimi dedim. Qasımın atasına pul göndərməsi üçün kart atdım. Həmin günün səhərisi polis əməkdaşları zəng etdi, polis şöbəsinə çağırdı. Mən də polis şöbəsinə gedərək öz əməlimi səmimi olaraq etiraf etdim”. Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nizami 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova