Gündəm Özəl

“Yaxın gələcəkdə xaricdən onlayn alış-veriş arxa plana keçəcək” — PROQNOZ

“Yaxın gələcəkdə xaricdən onlayn alış-veriş arxa plana keçəcək” — PROQNOZ

Bir müddətdir sosial şəbəkələrdə xaricdən gətirilən malların gömrük limitinin 300 dollardan 150 dollara endiriləcəyi ilə bağlı xəbərlər yayılıb. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib ki, hazırda bu barədə hər hansı dəyişiklik gündəmdə deyil: "Xaricdən sifariş olunan bütün digər bağlamalara olduğu kimi, “Trendyol”dan sifariş olunan bağlamalara da gömrük orqanları tərəfindən gömrük nəzarəti qanunvericiliklə müəyyən olunmuş qaydada, qısa zaman kəsiyində tamamlanır. Nəzərə alınmalıdır ki, bağlamaların tədarükçüdən yerli daşıyıcı şirkətlərin xaricdəki ünvanlarına və ölkəyə daşınması, eyni zamanda gömrük nəzarəti tamamlandıqdan sonra sifariş edən şəxslərin qeyd etdikləri ünvanlara təhvil verilməsi də müəyyən zaman kəsiyində tamamlanır".

İqtisadçı ekspert Pərviz Heydərov deyib ki, ümumiyyətlə bu sahədə məhdudiyyətlərin tətbiq olunması yolverilməzdir. O, Demokrat.az-a açıqlamasında qeyd edib ki, onlayn alış-veriş bütün dünyada getdikcə geniş yayılır, qlobal miqyasda gedən tendensiyaya maneələr yaratmaq mümkün deyil:

“Alış-verişdə nağdsız ödənişlərin həyata keçirilməsi geniş vüsət alıb. Amma “Trendyol” və digər platformalar vasitəsilə alış-verişin həyata keçirilməsi əlbəttə ki, yerli sahibkarlar üçün sərfəli deyil. Azərbaycanda əməkhaqqı alan şəxs xərclədiyi vəsaiti digər ölkənin büdcəsinə yatırmış olur, bu, ölkə iqtisadiyyatının xeyrinə deyil. Müvafiq qurumların məhdudiyyətlər tətbiq etmək əvəzinə düzgün siyasət yeridərək vətəndaşların xarici platformalardan onlayn alış-verişini səmərəsiz hala gətirmək daha məqbuldur”.

Ekspertin sözlərinə görə, yaxın gələcəkdə ölkə daxilində alış-veriş etmək daha sərfəli olacaq:

“Etiraf edək ki, bir neçə il əvvəl eyni məhsulun xaricdən sifariş edilməsi indiki ilə müqayisədə daha sərfəli idi. Məhsulun maya dəyərinə baxsaq, indi onun ölkədən alınması ilə xaricdən gətirilməsi arasında elə böyük fərq görmərik. Elə bir vaxt gələcək ki, məhsulun yerli mağazalardan alınması xaricdən sifariş etməkdən daha sərfəli olacaq. Yaxın və orta perspektivdə xarici bazarlarda təklif olunan malların onlayn sifarişi ilə onların yerli bazardan əldə edilməsinə xərclənən pul arasında elə ciddi fərq olmayacaq, həm maya dəyəri, həm də sərfəlilik baxımından”.

Qeyd edək ki, vətəndaşlar tərəfindən şəxsi istifadə məqsədilə malların ölkəyə gətirilməsi qaydaları Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova