Söz ən qorxulu silahdır. Onunla düzgün davranmayanda bundan təkcə onun müəllifi yox, həm də cəmiyyət çox ciddi zərər görür. Əvvəlki illərdə ölkəmizdə ucuz populyarlıq, “şok xəbər” hesabına izləyici toplamaq istəyən bəzi mətbuat subyektləri milli və dövlət maraqlarımıza ciddi təhdidlər yaradırdı.
Bir çox hallarda isə mətbuat hadisələrin önündə dayanmır, əksinə arxasında sürünürdü.
MEDİA-nın yaradılması zəruri idi…
Təbii ki, media sahəsindəki problemləri və boşluqları aydın şəkildə görən Azərbaycan Prezidenti İlham Əliyev bu sahədə lazımi tədbirlər gördü. Belə ki, 44 günlük müharibədən böyük zəfərlə çıxan Azərbaycanda ölkə başçısının ilk diqqət və önəm verdiyi məsələlərdən biri də mətbuatımızın inkişafı oldu. Çünki yeni hədəflərə doğru qətiyyətli addımlar atan, dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycan dövlətinin dayanıqlılığı olan savadlı mətbuata ehtiyacı vardı.

Yeni yaradılmış MEDİA-nın əsas hədəfi mətbuatın inkişafını dəstəkləmək, media sahəsində peşəkarlar hazırlamaq, bu sahədə yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqini stimullaşdırmaq idi.
Bəs, ötən 3 ildə Agentlik qarşısına qoyulmuş hansı hədəflərə çatıb?
Ədalət naminə deyək ki, MEDİA geridə qalan 3 ildə bir çox hədəflərə çatıb. Ən əsası media sahəsində stabil, normal situasiya formalaşıb. Artıq kimin-kim olduğu aşkarlanıb. Mediamızı “reket jurnalistikası”na çevirənlərdən böyük ölçüdə qurtulmuşuq.

Ən əsası MEDİA son 3 ildə jurnalistlərin dostu olmağı bacarıb. Bu gün Agentliyin təşkil etdiyi seminarlar, treninqlər, turlar və digər tədbirlər jurnalistlərin fikir mübadiləsi etmələri, ünsiyyət qurmaları və innovasiyaları mənimsəmələri üçün ən ideal platformadır. Mübaliğəsiz demək olar ki, Agentliyin binası bu gün jurnalistlərin görüş yeri, fikir mübadiləsi apardığı bir məkandır.
MEDİA reyestri nələri dəyişdi?
Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə 2021-ci ilin oktyabr ayında media reyestri fəaliyyətə başladı. Bu, Azərbaycanda jurnalistikanı kəmiyyət və keyfiyyət baxımından dəyərləndirmək üçün statistika toplanmasına imkan verir. Reyestr məlumat xarakteri daşıyan bir elektron data sistemidir. Burada jurnalistlərin sayı, təhsil səviyyəsi, media subyektlərinin əməkdaşları, təsisçiləri, məsul redaktorları haqqında cəmlənmiş statistika nəzərdən keçirilir, onun əsasında təhlillər aparılır.

MEDİA-nın jurnalistlər üçün yaratdığı imkanlar…
Agentliyin daha bir uğuru isə jurnalistlərin ipoteka alan kateqoriyaya daxil edilməsidir. Burada söhbət yalnız jurnalistin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından getmir. Bu, dövlətin jurnalistə verdiyi önəmdir, qiymətdir. Sosial ipoteka alanlar cəmiyyətin həssas, qayğıya ehtiyacı olan və seçilmiş təbəqəsidir. Buraya jurnalistlərin də əlavə edilməsini ciddi uğur hesab etmək olar.

Jurnalistlərin peşəkarlığının artırılması üçün görülən işlər…
MEDİA-nın jurnalistlərin peşəkarlığının artırılması istiqamətində gördüyü işləri isə xüsusi qeyd etməliyik. Belə ki, Agentlik tərəfindən mütəmadi olaraq jurnalistlər üçün fərqli istiqamətlərdə təlimlər keçirilir. Xüsusilə də, MEDİA jurnalistika sahəsində dünya təcrübəsinin jurnalistlərimizə çatdırılması üçün nüfuzlu media qurumlarında çalışan xarici mütəxəssisləri ölkəmizə tez-tez dəvət edir. Agentliyin təşkilatçılığı ilə xarici mütəxəssislərin təlimləri təşkil olunur, jurnalistlərə yeni media trendləri ilə bağlı mütəmadi treninqlər keçirilir.

Bəs, Medianın İnkişafı Agentliyi son 3 ildə daha hansı uğurlara imza atıb?
Millət vəkili Musa UrudBizim.Media-ya açıqlamasında MEDİA-nın fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib:
“Hesab edirəm ki, Agentlik yarandığı gündən daha çox yeniliklər etməyə çalışıb. Müasir çağırışların tələblərinə uyğun fəaliyyətini quran Agentlik Azərbaycan mediasının inkişafına hərtərəfli dəstək göstərir. Qurumun təşkil etdiyi seminarlar, müsabiqələr və digər tədbirlər həm medianın inkişafına, həm də jurnalistikada yeni nəslin formalaşmasına, eyni zamanda əhalinin media savadlılığının artırılmasına xidmət edir.

Bu da təbii ki, son nəticədə vətəndaş-dövlət birliyinə gətirib çıxaran amillərdən biridir. Media savadlılığını artırmaq, beynəlxalq çağırışları və sosial sifarişləri KİV-ə təlqin etməkdə MEDİA Agentliyi çox böyük iş görüb. Ən əsası Azərbaycanın informasiya təhlükəsizliyinin təminatında bu qurumun xüsusi yeri var”.
“Azərbaycan mediası ötən 3 ildə yeni mərhələyə qədəm qoyub”
Millət vəkili, jurnalist Hikmət Babaoğlu isə qeyd edib ki, Medianın İnkişafı Agentliyinin yarandığı 3 il müddətində sözün əsl mənasında mediamızın inkişafı istiqmətində mühüm bir məsafəni qət etməyi bacarıb:
“Bu, hər şeydən öncə media ilə münasibətlərdə hüquqi əsasların yaradılması və yeni Qanunun qəbul edilməsidir. Ötən 3 ildə biz yeni keyfiyyət mərhələsinə qədəm qoymuş olduq.
Hər bir informasiya istehlakçısı özü-özlüyündə keyfiyyətli, dəqiq və operativ informasiya əldə etməkdə maraqlıdır. Hər bir informasiya istehlakçısı da məhz bu tələbləri yerinə yetirməyə mükəlləfdir. Ona görə də son 3 ildə qət edilən məsafə hesab edirəm ki, qaneedicidir.

Azərbaycanın informasiya istehsalçılarının qlobal informasiya məkanına daxil olmasında da xeyli uğurlar əldə edilib. Müqayisə etsək görəcəyik ki, MEDİA-nın fəaliyyət göstərdiyi 3 ildə daxili media münasibətlərində və qlobal media məkanında yeni keyfiyyət mərhələsinə qədəm qoyulub”.


