Elektron Təhlükəsizlik Xidmətində (ETX) Türkiyənin Fərdi Məlumatların Mühafizəsi Qurumunun nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə fərdi məlumatların mühafizəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, qanunun tətbiq mexanizmlərinin hazırlanması, sahə üzrə kadr potensialının artırılması və cəmiyyətin maarifləndirilməsi istiqamətində iki ölkə arasında əməkdaşlıq imkanları müzakirə edilib. Qeyd olunan istiqamətlər üzrə hər iki ölkənin məsul qurumlarının birgə həyata keçirəcəyi tədbirlər müəyyən edilib.
İnformasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasovun sözlərinə görə, Türkiyədə fərdi məlumatların qorunması və işlənməsi dünya standartlarına uyğundur, geniş qanunvericilik bazası var. O, Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda bu istiqamətdə işlər yeni başlayıb:
“Saytlardan şəxsi məlumatların toplanması, onların üçüncü tərəfə ötürülməsi, kiberhücumlarla ələ keçirilib yayılması Azərbaycanda kütləvi hal alıb. 2023-cü il bu istiqamətdə ilkin addımların başlanğıcı oldu, fərdi məlumatların qorunması və işlənməsi Elektron Təhlükəsizlik Xidmətinin öhdəsinə verildi. Eyni zamanda Azərbaycanda kibertəhlükəsizlik və kiberdələduzluq məsələri ilə bir neçə qurum məşğul olur. 2024-cü ildə bu istiqamətdə tədbirlərin genişlənməsini və tətbiqini gözləyirik. Fərdi məlumatların mühafizəsini düzgün tənzimləməyən qurumlara Azərbaycanda simvolik cəza verilir. Bu məbləğ təxminən 800 manata qədərdir, amma xaricdə bu, ciddi cəzalandırılır, milyonlarla cərimələr tətbiq olunur. Qanun mövcuddur, amma əsas məsələ onun tətbiq edilməsidir”.
Ekspert qeyd edib ki, hazırda internet, texnologiya dövrü olduğu üçün insanların fərdi məlumatları artıq hər yerdədir:
“Tibb, logistika sahəsində fərdi məlumatlardan istifadə olunur, həmçinin bir çox dövlət xidmətlərində. Bunların qorunması, işlənməsi və ötürülməsi müəyyən standartlar əsasında həyata keçirilməlidir. Hazırda bu mövzuda ilkin məsələ cəmiyyətin düzgün maarifləndirilməsi olmalıdır. Fərdi məlumatlarla kibergigenika bir-birinə bağlı mövzulardır. Xüsusən də internet istifadəçiləri fərdi məlumatlarla bağlı geniş bilgiyə sahib olmalıdırlar. Fərdi məlumatlar deyəndə insanların çoxu hələ də bilmir ki, bu, hansı məlumatlardır, hansı məlumatlar açıqdır, hansılar bağlı. İnsanlar hüquqlarını bilməlidirlər. Hər hansı biznes mərkəzinə gedirik, qeydiyyatda bizdən şəxsiyyət vəsiqəmizi istəyir, özlərində saxlayırlar. Bu, fərdi məlumatların mühafizəsinin pozulması deməkdir. Həm korporasiyalar, həm də vətəndaşlar bu barədə məlumatlı olmalıdırlar ki, dövlət qurumu rahat işləyə bilsin”.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası” təsdiq edilib.
Törə Zeynallı Demokrat.az


