Gündəm Özəl

Tələbə intiharları: “Ali məktəblərdə psixoloq ştatı olmalıdır”

Tələbə intiharları: “Ali məktəblərdə psixoloq ştatı olmalıdır”

Azərbaycanda 3-cü kurs tələbəsi intihar edib. Azərbaycan Turizm və Menecment Universitetinin Turizm işinin təşkili fakültəsinin tələbəsi Raqib Rafiq oğlu Qədimov özünü asıb. Tələbə yoldaşlarının bildirdiyinə görə, R.Qədimovun universitetdə davamiyyətlə bağlı problemi olub və o, 8 fənn üzrə qayıb limitinə düşüb. İntihara səbəb kimi ilkin olaraq bu faktlar göstərilir. Araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək.

Tələbənin intihar etməsinin təhsilindəki problemlərlə bağlı olub-olmadığı hələ ki dəqiq bilinməsə də təhsil həyatında uğur qazana bilmədiyinə görə intihar edən tələbə, şagird, abituriyentlər var. Gənc yaşında bir şəxsin universitetə daxil olmadığına, istədiyi ixtisasa qəbul ola bilmədiyinə, universiteti bitirə bilmədiyinə görə və s.bu kimi səbəblərdən intihar etməsinin kökündə nə dayanır?

Klinik psixoloq Rövşən Nəcəfovun sözlərinə görə, intihar etmək istəyən şəxs üçün bir deyil, bir neçə səbəb olur. O, Demokrat.az-a açıqlamasında deyib ki, ətrafda formalaşmış düşüncələr şəxsi intihara təhrik edir, intiharın çıxış yolu olduğu düşüncəsini formalaşdırır:

Tələbə intiharları: “Ali məktəblərdə psixoloq ştatı olmalıdır”

“Təhsil alan şəxs intihar edirsə, demək, nəsə yolunda getmir. Biz çoxluğun intihar etmədiyini deyib intihar edənləri qınaya bilmərik. Statistikada bir intihar göstəricisi də çoxdur. İnsanı hansısa addımı atmağa təhrik edən düşüncələrdir. İnsanın həyatı düşüncələrdən ibarətdir. Beynindən nə keçirsə, bir gün onu reallaşdırır. Düşüncəni dəyişmədən həyata baxışı, həyata baxışı dəyişmədən atılan addımı dəyişmək olmur”.

Ekspert bildirib ki, cəmiyyətdə yaranmış ictimai stereotiplər insanların rahat yaşamasının və doğru, yanlış etməsinin qarşısını alır:

“Tələbə səhv edəcək, sonra etdiyi səhvlə bağlı məsləhət alacaq, daha sonra isə öz səhvindən təcrübə qazanacaq. Ali məktəblərdə psixoloq ştatı olmalıdır. Tələbələr bu kimi hallarla rastlaşanda psixoloqa müraciət etməlidirlər. Həmçinin akademik və davamiyyət göstəriciləri aşağı olan tələbələr ali məktəbdə fəaliyyət göstərən psixoloqa yönləndirilməlidirlər. Müntəzəm olaraq müxtəlif psixoloji maarifləndirmə seminarları tədrisə əlavə olunmalıdır. Fərqli metodlarla tələbələrin qrup və fərdi olaraq formalaşmış düşüncələri haqqında psixoloji məlumat bazası da yaratmaq olar”.

R.Nəcəfov valideynlərin övladları ilə empatiya qurmasının vacibliyini qeyd edib:

“Heç bir anlayış övladın sağlamlığından artıq deyil. Uşaqlara bütün yaşlarda şəxsiyyət kimi yanaşılmalıdır. Uşaqların fikirlərini diqqətlə dinləmək və hörmət etmək lazımdır. Etdikləri seçimlər müzakirə edilməlidir. Səhv seçimlərin cəzası olmur, cavabı olur. Cəza tərbiyə üsulu deyil. Uşaqlara yaşamaqla bağlı izahlar verilməlidir. Uşaqların səhv belə olsa sevdiyi ixtisasa yönəlmələrinə dəstək olunmalıdır. Onların səhv etməsindən qorxmaq lazım deyil. Gələcək addımlarında uşaqların ən yaxşı müəllimi onların etdikləri səhvlər olacaq”.

Son olaraq mütəxəssis əlavə edib ki, şəxsdə hansısa suisidal, yəni intihara meyillilik düşüncəsi formalaşıbsa, psixoloqa müraciət edilməlidir:

“Valideynlər övladlarını psixoloq yanına aparmaqdan çəkinməsinlər. Bu, insanın ən təbii haqqı və halıdır. Problemlərdən çıxış yollarının tapılması və müsbətə doğru addımların atılması üçün düşüncənin dəyişilməsi əsas meyardır. Psixoloq dəstəyi ilə insanlardakı mənfi emosiyaların qarşısını almaq mümkündür. Sağlam gələcəyin inşası üçün sağlam düşüncə formalaşmalıdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova