Sosial Özəl

“Doğulan uşaqlarda nevroloji və endokrinoloji problemlər yaranır” — Arıqlama dərmanlarının TƏSİRLƏRİ

“Doğulan uşaqlarda nevroloji və endokrinoloji problemlər yaranır” — Arıqlama dərmanlarının TƏSİRLƏRİ

Sosial şəbəkədə arıqlama dərmanları və insan sağlamlığı üçün təhlükəli digər bioloji aktiv qida məhsulları satan şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin məlumatına görə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə keçirilən növbəti tədbirlər zamanı 1993-cü il təvəlüldlü Cəlal Həmidov və 1994-cü il təvəllüdlü Elşən Məmmədov saxlanılıb. Həmin məhsullardan götürülən nümunələrin tərkibində üzərindəki göstəricilərə uyğun olmayan kənar zərərli kimyəvi maddələrin olduğu aşkar edilib və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq olunub.

Artıq çəkili insanlar sağlam həyata keçid etmək, mütəxəssisə müraciət etmək əvəzinə arıqlama dərmanlarından istifadə etməyə meyil edirlər. Müxtəlif preparatlar, tərkibi bilinməyən çaylar qəbul edirlər, hətta saatlarla ac qalır, yemək yemirlər.

Endokrinoloq Sevda Novruzova Demokrat.az-a açıqlamasında arıqlama dərmanlarının orqanizmə zərərlərindən danışıb:

“Özbaşına pəhriz saxlamaq heç kimə məsləhət görülmür. Orqanizmdə piylənməyə və artıq çəkiyə səbəb olan nədirsə, bunu bilmək önəmlidir. Artıq çəkidən əziyyət çəkən insanlar təbii ki, problemin kökünü bilməyə bilərlər. Buna görə də əvvəlcə həkimə müraciət etmək lazımdır. Özbaşına pəhriz saxlamaq, saatlarla ac qalmaq heç də işin xeyrinə deyil. Arıqlama preparatlarının, bioloji aktiv maddələrin qəbulu da tamamilə yanlışdır. Piylənmə müxtəlif səbəblərdən baş verə bilər. Endokrinoloji səbəblər də ola bilər, hər hansı vitamin və mineralların defisiti nəticəsində də yarana bilər, qaz azlığı da səbəblər sırasındadır. Müalicə xəstəliyin səbəbinə uyğun aparılır və xüsusi qida menyusu təyin olunur.

Yanlış pəhriz saxlayıb ac qalan insanlarda xüsusən də qadınlarda müxtəlif xəstəliklər əmələ gəlir, təzyiq problemi yaranır, avitaminoz və hipovitaminoz yarana bilər. Əlavə olaraq belə xanımlardan doğulan uşaqlar nevroloji və endokrinoloji baxımdan problemli olurlar. Uşaqlarda qurd xəstəliklərinin yaranmasının səbəbini də bununla əlaqələndirə bilərik”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova