"Corc Soros və onun rəhbərlik etdiyi Açıq Cəmiyyət İnstitutunu tanıyanda, hesab edirdik ki, bu təşkilat ölkələrdə demokratiyanın inkişafına, insan hüquq və azadlıqlarının təmin olmasına xidmət edir".
Demokrat.azbildirir ki, bunu “Ölkə.Az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, Açıq Cəmiyyət İnstitutu 90-cı illərin ortalarından başlayaraq, Şərqi Avropa və MDB ölkələrində xüsusi layihələrə həyata keçirərək, qeyri-hökumət təşkilatlarına maliyyə vəsaiti ayırırdı. “Soros bu məqsədlə Şərqi Avropa və MDB ölkələri ilə yanaşı Azərbaycanda da Açıq Cəmiyyət İnstitutu adı altında QHT-lərə və siyasi təşkilatlara müxtəlif qrant layihələri adı altında maliyyə dəstəyi verirdi. Amma sonra baş verənlər onların əsl mahiyyətini və məqsədi ortaya çıxardı. Yəni Soros Fondu və onun nəzarətində olan təşkilatlar açıq formada ölkələrin daxili işlərinə müdaxilə etməyə başladılar. Xüsusən də siyasi proseslərdə fəal şəkildə iştirak etmək, öz tərəfdarlarını yerləşdirib seçki prosesinə birbaşa nəzarəti ələ keçirmək üçün külli miqdarda vəsait ayırırdılar. Bu pullar hesabına Soros 2000-ci illərin əvvələrində Gürcüstan, Ukrayna, Qırğızıstan və digər ölkələrdə rəngli inqilablara adı altında guya demokratik hakimiyyət dəyişiklikləri etdilər. Həmin ölkələr bu gün də həmin rəngli inqilabların acısını çəkməkdədir. Belə ki, sadalanan ölkələrdə bu gün də siyasi sabitlik bərqərar olmur. Hətta bu hadisələrin inkişafı Ukraynanın ərazi bütövlüyünün pozulması ilə nəticələndi” - A.Həsrət bildirib.
O əlavə edib ki, Sorosun əsas hədəfi heç də həmin ölkələrdə demokratiyanı bəqrərar etmək yox, təmsil etdiyi ölkələrdə öz maraqlarını təmin etmək idi. “Yəni Soros demokratiya pərdəsi adı altında dünya ölkələrini siyasi və iqtisadi yolla işğala nail olmaqdır”.
A.Həsrət deyib ki, SOROS Azərbaycanda da planlaşdırdığı planları reallaşdırmağa çalışsa da, hakimiyyətə çevik tərpənərək, onların niyyətlərinin qarşısını almağı bacardı. “Onların fəaliyyəti bir tərəfdən qanunlar çərçivəsində məhdudlaşdırıldı, digər tərəfdən isə maarifləndirmə yolu ilə onların niyyətləri faş edildi. Ona görə də Soros Azərbaycanda planlarını reallaşdıra bilmədi. Nəticədə Soros Fondu və Açıq Cəmiyyət İnstitutu ölkəni tərk etdi” - siyasi şərhçi bildirib.
O deyib ki, hakimiyyət Soros Fondu və Açıq Cəmiyyət İnstitutu Azərbaycanda fəaliyyətini məhdudlaşdırmaqla ölkəmizdə Suriya, İraq, Liviyadakı ssenarilərin reallaşmasının qarşısını aldı: “Onun nəticəsidir ki, Azərbaycanda siyasi sabitlik hökm sürür”.
Siyasi şərhçi onu da bildirib ki, bu təşkilat Azərbaycandan çıxarılsa da, yenə də, bəzi gənclər təşkilatlarını qeyri-leqal yolla maliyyələşdirir. “Bu gün Sorosun nəzarətində olan gənclər təşkilatı və siyasi qurumlar fəaliyyət göstərir və onlar qeyri-leqal yolla maliyyə vəsaitini alırlar. Sadəcə olaraq, bu gün əvvəlki illərlə müqayisədə ölkəmizdəki gənclər təşkilatları və siyasi qurumlar Sorosun fəaliyyətinin əsas niyyətini başa düşdüklərindən onunla əməkdaşlıqda maraqlı deyil. Soros və bu kimi təşkilatlar Azərbaycan da maraqlarını təmin etmək üçün Avropada mühacir kimi yaşayan azərbaycanlılardan istifadə edirlər. Bu yolla Azərbaycana təsir etməyə çalışırlar. Amma bir şeyi də unudurlar ki, Azərbaycan insanı artıq bu cür təxribatlara uyub, aldanmır. Azərbaycan vətəndaşı üçün bu gün daxili sabitlik hər şeydən üstündür.
Digər tərəfdən Soros və bu kimi təşkilatların nəzarətində olan insanların Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyinə qarşı olduqlarını daim müşahidə etmişik. Bu da Azərbaycan insanında təbii ki, sual yaradır. Əgər Soros Fondu, Açıq Cəmiyyət İnstitutu demokratiya, ədalətli cəmiyyət, insan və hüquq azadlıqlarının təmin olunduğu cəmiyyət istəyirsə, niyə Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstkləmir. Ona görə də Azərbaycan insanı Sorosun nəzarətində olan təşkilatlara şübhə ilə yanaşırlar”- A.Həsrət deyib.


