Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında Abşeron yarımadasının qış otlaqları kimi istifadə oluna biləcəyi qeyd edilib. Baş planda bildirilir ki, ərazinin iki təyinatla istifadə olunmasına dair SOCAR şirkəti ilə bağlanan müqaviləyə uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi bu əraziləri qış otlaqları kimi istifadə edə bilər: “Abşeron yarımadasının ekoloji regionu seyrək bitki örtüklü səhralıqlar və çöllük ərazilərlə xarakterizə olunur. Ərazi yarımsəhra iqlimə malik olduğu üçün ərazidə məhsuldar kənd təsərrüfatı torpaqları azdır. Lakin, açıq ərazilərdəki geniş torpaq sahələri qış otlağı və örüş kimi istifadə olunur”.
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmlinin sözlərinə görə, örüş üçün nəzərdə tutulan ərazilərdə aqro-texniki qaydalara əməl olunmalıdır. O, Demokrat.az-a açıqlamasında deyib ki, əvvəllər otlar təbii yetişirdisə, indi bunu yetişdirmək lazım gəlir:
“İntensiv texnologiyalardan istifadə edərək bitki toxumu səpilməli, səpindən sonra yemləmə aparılmalı, daha sonrakı mərhələdə suvarılma həyata keçirilməli, örüş ərazilərində otarılma növbəli şəkildə olmalıdır. Hər dəfə otarıldıqdan sonra ərazilər təkrar suvarılmalı, yemləmə aparılmalıdır . Bu işlər görülsə, Azərbaycanı cənnətə çevirmək olar. Nəinki Abşeron yarımadası, eroziyaya uğramış torpaqlar, şoranlaşmış əraziləri də yenidən kənd təsərrüfatına yararlı hala gətirmək elə də çətin deyil. Bununla bağlı təkliflər irəli sürmüşük. Azərbaycanın hələ ki gips ehtiyatları var. Amma bu, tamamilə tükənəndən sonra məcbur qalıb xaricdən gips idxal etməli olacağıq ki, şorakət torpaqları bərpa edək. Şoran torpaqların yuyulması üçün su ehtiyatı da kifayət edir. İlkin mərhələdə həmin torpaqlarda çəltik yetişdirilməsi həyata keçirilə bilər, bununla həm torpaqlar yuyulacaq, həm də məhsul əldə ediləcək.
Azərbaycanda elə bir ərazi yoxdur ki, orada ciddi problemlər yaşansın, böyük kapital qoyuluşuna ehtiyac olsun. Sadəcə diqqət və sadaladığım işləri həyata keçirmək üçün lazımı mütəxəssislərin cəlb edilməsinə ehtiyac var”.
Törə Zeynallı Demokrat.az


