Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında istilik təchizatı sistemləri ilə bağlı problemlərin aradan qaldırılması üçün bir sıra təkliflər irəli sürülüb. Şəhərin istilik təchizatı sistemində bərpa olunan enerji mənbələrindən, xüsusilə günəş enerjisi və istilik nasoslarından istifadə imkanlarının qiymətləndirilməsi və pilot layihələr həyata keçirməklə real nəticələrin tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi təklif olunub.
Enerji sahəsi üzrə ekspert İlham Şabanın sözlərinə görə Bakının istiliklə təminatında alternativ enerji mənbələrindən istifadə böyük vəsait tələb edir.
Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, yaxın gələcəkdə bunun həyata keçirilməsi real görünmür:
“Bundan əlavə alternativ enerji mənbələrindən istifadə etməklə şəhərin istilik sistemi ilə təminatı üçün infrastruktur lazımdır, istər günəş panelləri olsun, istər külək turbinləri. Şəhərin ətrafında qurulacaq nasos stansiyaları böyük enerji tələb edir, bunlar isti suyu bir nöqtədən digər nöqtələrə ötürür. Bakı şəhəri son 20 ildə çox plansız və gələcəyə hesablanmadan inşa edilib. Sovetdən qalma istilik sistemləri suyu 70 dərəcəyədək qızdırır, sonuncu nöqtəyə çatdırana qədər bunun da ən azı 25 faizi itkiyə gedir. Hesab edirəm ki, Baş planda əksini tapan bu məsələ sadəcə kağız üzərindədir. Şəhərin mövcud istilik təchizatı sistemi bərbad vəziyyətdədir, yenilənməsi çətin olacaq. 2013-cü ildə Almaniya şirkəti Abşeron rayonunun qaz təsərrüfatının paylanmasının Avropa standartlarına uyğun həyata keçirilməsini 2,5 milyard avro vəsait həcmində dəyərləndirmişdi. 10 il keçib, indi bunun dəyəri 3 milyard avrodur. Neft gəlirlərinin azaldığı bir vaxtda hökumət bu vəsaiti haradan tapacaq? Ona görə də bunun nəinki 2040, hətta 2060-cı ilə qədər də reallaşacağını düşünmürəm”.
Törə Zeynallı Demokrat.az


