Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında kurort turizminin inkişafı üçün təxminən 169,8 ha yeni inkişaf ərazisi ayrılıb.
Turizm eksperti Əziz Şiriyev Bakı və ətrafında kurort turizminin inkişafı üçün mövcud imkanlardan danışıb. O, Demokrat.az-a açıqlamasında bildirib ki, 2040-cı ilədək inkişaf planında turizmə xüsusi yer ayrılmalıdır: 
"Çünki qeyri-neft sektorları olaraq turizm və kənd təsərrüfatı inkişaf etməkdədir və Azərbaycan üçün prioritet sahələrdir. Bu sahələrin gəlirli olduğunu nəzərə alsaq, ölkə iqtisadiyyatının güclənməsinə müsbət təsirini qeyd edə bilərik. Bakı ətrafı turistik yerlərin olması, Pirşağı, Novxanı, Şüvəlan, Mərdəkan və s. yerlərdə Antalya tərzində istirahət mərkəzlərinin yaradılması və vergi güzəştlərinin tətbiqi turizmin inkişafına daha geniş imkanlar yaradacaq. Hər kateqoriyaya və büdcəyə uyğun istirahət mərkəzləri olmalıdır, həm vətəndaşlar, həm də turistlər üçün. Abşeronun qızıl qumu kurort turizminin yaradılmasına da imkan verir. Hazırda bir sıra sanatoriyalar fəaliyyət göstərir Bakı ətrafında, bunları daha da genişləndirmək və turistləri cəlb etmək olar. Dənizin təmizliyinə diqqət etmək lazımdır. Bakı ətrafı bir sıra kənd və qəsəbələrdə yenidənqurma işləri aparıldı, insanların buranı gəzib görməyə marağı artdı. İnanıram ki, bu, 2040-cı ilədək Bakının 32 kəndini də əhatə edəcək. Bu, kənd əhalisinin rifahına da müsbət təsir edir, iaşə obyektləri, hostellər açılır, ailə biznesi inkişaf edir".
Törə Zeynallı Demokrat.az


