Gündəm Özəl

“Gənc ədəbiyyatçılar özlərinə alternativ qurum yaratsınlar” — Yazıçılar Birliyinin ləğvini istəyənlərə TƏKLİF

“Gənc ədəbiyyatçılar özlərinə alternativ qurum yaratsınlar” — Yazıçılar Birliyinin ləğvini istəyənlərə TƏKLİF

“Azərbaycan Yazıçılar Birliyinin mövcudluğu uzun illərdir ki, gənc yazıçı və şairləri ciddi narahat edir, amma səbəbini başa düşmürəm. Deyirlər ki, bu qurum Sovet dövründə ideologiya mərkəzi kimi yaranmışdı, hərə bir söz deyir... SSRİ-nin süqutundan sonra bir çox qurumlar dağıldı, amma yaradıcılıq təşkilatlarımız nə yaxşı ki fəaliyyətini davam etdirdi. Ölkədə qələm əhlinin, ziyalıların üz tutduğu yerlər elə də çox deyil. AYB təkcə Anardan və ya katiblərdən ibarət deyil ki...”

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib. Onun fikrincə, qurumun ləğvini istəmək əvəzinə, gənc ədəbiyyat nümayəndələri özlərinə alternativ birlik yarada bilərlər:

“Gənc ədəbiyyatçılar özlərinə alternativ qurum yaratsınlar” — Yazıçılar Birliyinin ləğvini istəyənlərə TƏKLİF

“AYB-nin “Natəvan” klubunda tez-tez kitab təqdimatları, görüşlər keçirilir. “Ədəbiyyat” qəzeti, “Ulduz” jurnalı, “Literaturnıy Azerbaydjan”, “Literaturnıy Mir” kimi mətbu orqanlar AYB-yə bağlıdır və ədəbi prosesləri özündə əks etdirir. Normal düşüncəsi olan insan bu orqanların və AYB-nin ləğvini istəməz. Bir vaxtlar o binaya göz dikənlər vardı, istəyirdilər ki, Birlik ləğv olunsun, binası hansısa səfirliyə və ya başqa quruma verilsin. AYB bizim klassik yazıçı və şairlərimizin əziz xatirəsini qoruyan bir yerdir.

Gənc ədəbiyyatçılar istəyirlərsə, özlərinə birliklər, dərnəklər yaratsınlar, alternativ qurum təşkil etsinlər. Amma mövcud olanın ləğvində bu qədər maraqlı olmaq, diş qıcamaq yaxşı deyil. Bir çox yazıçı və şairlərin bura ilə bağlı xatirələri var. Gənc ədəbiyyatçılardan da tez-tez quruma üzv olmaq üçün müraciət edənlər olur, deyirlər ki, bizə kömək edin. Bir tərəfdən kütləvi şəkildə üzv olmağa can atırlar, digər tərəfdən də tək-tək bu cür çıxışlar olur. Elşad Baratı tanıyıram, istedadlı gəncdir. Amma etdiyi təklif heç də istedadlı deyil”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin üzvü gənc şair Elşad Barat təmsil olunduğu qurumun ləğvini tələb edib. Bu barədə “Facebook” hesabında fikirlərini bildirən şair qeyd edib ki, AYB-nin yenilənməyə ehtiyacı var: “Məncə, mənim də idarə heyətinin üzvü olduğum Azərbaycan Yazıçılar Birliyi ləğv olunmalı, yeni bir nizamlı, ədalətli qurum yaradılmalıdır. Problem Yazıçılar Birliyinin indiki rəhbərliyində yox, qurumun idarəçilik mexanizmindədir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova