Gündəm Özəl

Yeni ildə yeni qiymətlər: “Bahalaşma gözlənilən idi”

Yeni ildə yeni qiymətlər: “Bahalaşma gözlənilən idi”

Təqvim ilinin yenilənməsi ilə qiymətlərdə də yenilik gözə çarpır. Belə ki, artıq mağaza və bazarlarda bir sıra məhsullarda bahalaşma müşahidə olunur. Ət və ət məhsulları, tərəvəzlər, siqaretin qiyməti artıb.

İqtisadçı ekspert Eldəniz Əmirov Demokrat.az-a açıqlamasında qiymət artımının ötən ildən proqnozlaşdırıldığını deyib:

Yeni ildə yeni qiymətlər: “Bahalaşma gözlənilən idi”

“Gözlənilən hal idi. Siqaret və spirtli içkilərin bahalaşması bilavasitə aksiz ödənişlərinin artmasından qaynaqlanır. Aksiz dərəcələrinin qiymətinin yüksəlməsi qiymətlərə təsir göstərir. Ətin qiymətinə gəlincə isə burada süni qiymət artımı yoxdur. Bu, bazarın özünün yaratdığı məcburi qiymət artımlarıdır. Ətin qiymətinin qalxması örüş və biçilən otlaq sahələrinin azalması ilə bağlıdır. 2001-ci ildə kənd təsərrüfatına yararlı torpaq sahələrinin 56,5 faizi örüş və biçənək üçün idi. 2022-ci ildə bu rəqəm 50,5 faizə düşdü, yəni 250 min hektar azalma oldu. 2001-ci ildə bu rəqəm 2 milyon 683 min hektar olub, 2 milyon 415 min hektar da 2022-ci ilin statistikasında göstərilir. Bu da yem məhsullarının yetişdirilməsinə problem yaradır. İqlimin dəyişməsi, su çatışmazlığı, su resurslarının qeyri-bərabər bölgüsü yem məhsullarının qiymətini artırır. Gübrənin idxalı və qiymətinin artması da buna təsir edir. Bu səbəblər də birmənalı olaraq ətin qiymətində özünü göstərir. Bundan çıxış yolu maldarlığın daha sürətlə inkişafına şərait yaratmaqdır. Gələcək minimum ərazidə maksimum məhsul yetişdirənlərindir. Torpağın hər qarışından daha səmərəli istifadə etməyə çalışmalıyıq, əks halda qiymət artımlarının davamlı olması qaçılmazdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova