Gündəm Özəl

"Sosial şəbəkə istifadəçisi olan hər kəs özünü kamera qarşısında hiss etməlidir” — AÇIQLAMA

Sosial şəbəkə istifadəçisi olan hər kəs özünü kamera qarşısında hiss etməlidir” — AÇIQLAMA

“Sosial şəbəkələr ifadə azadlığı üçün böyük imkanlar yaradıb, eyni zamanda bundan sui-istifadə halları da genişlənib. Mənə elə gəlir ki, sosial şəbəkə istifadəçisi olan hər kəs öz üzərinə etik öhdəlik götürməlidir, özünü kamera qarşısında hiss etməlidir”.

Bunu Demokrat.az-a açıqlamasında Əməkdar jurnalist, professor Qulu Məhərrəmli deyib. O qeyd edib ki, sosial şəbəkələrdə, efirlərdə etik normaları pozan şəxslərə xəbərdarlıq edilməlidir:

“Burada etik davranış qaydalarının gözlənilməsi çox önəmlidir. İnsanları təhqir edən paylaşımlar, erotik kontentlər, pornoqrafiya, dövlət quruluşunu zorakılıqla yıxmağa çağırış halları yolverilməzdir. Bunların bəziləri Cinayət Məcəlləsində də öz əksini tapıb, digər qismi isə insanın sırf öz davranışına müəyyən sərhəd qoyması ilə bağlıdır.

Türkiyədə mentaliteti nəzərə alırlar, amma bizdə bu, nəzərə alınmır. Xüsusən də instaqramda insan ləyəqətini alçaldan, yanlış istiqamətləndirən, etik qaydaları pozan, insanın düşüncəsinə, normal davranışına zidd olan həddən artıq paylaşımlara rast gəlirik. Sosial şəbəkəyə daxil olan hər kəs etik öhdəlik imzalamalı və bu çərçivədə hərəkət etməlidir, mən bunun tərəfdarıyam.

Konkret olaraq Türkiyədəki kimi sərt tədbirlər görülməsinə gəlincə, hesab edirəm ki, birdən-birə bu cür addımlar atmaq psixoloji və hüquqi problemlər yarada bilər. Ona görə də bu cür insanlara əvvəlcə xəbərdarlıq edilməlidir, əgər bundan nəticə çıxarmasalar, daha sərt tədbirlər görülə bilər”.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyədə tanınmış sosial media fenomenləri açıq-saçıq paylaşımlarına görə məsuliyyətə cəlb olunub.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova