Bakının Xəzər rayonunda 1994-cü il təvəllüdlü Vüsal ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nərminə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 30-da rayonunun Binə qəsəbəsi Südçülük sovxozunda baş verib. Vüsal evində həyat yoldaşı Nərmini bir neçə dəfə yumruqla vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2015-ci ildə Nərmin ilə rəsmi nikaha daxil olaraq ailə qurub: “Həmin nikahdan iki azyaşlı uşaqlarımız var. Birgə yaşadığımız müddətdə aramızda dəfələrlə münaqişələr olub. Hətta bir dəfə boşanmışıq. Sonra isə yenidən nikaha daxil olmuşuq. Aramızda yaranan münaqişələr mənim məşğul olduğum fərdi işlə bağlıdır. Mən satıcı işləyirəm, müştərilərim qadın və ya kişi olur. Onların kartları vasitəsilə mənim kartıma pul vəsaitləri daxil olur. Elə vaxtlar olur ki, alınan mallar geri qaytarılır. Mən qaytarılan malın pulunu yenidən həmin müştəriyə məxsus karta qaytarıram”.
Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 30-da, axşam saat 22.00-da Nərmin onun mobil telefonuna baxan zaman ona məxsus “LeoBank”a aid kartdan qadın müştəriyə 30 manat göndərildiyini görüb: “Bu barədə məndən soruşdu. Mən də müştəriyə qaytardığım malın pulunu göndərdiyimi izah etdim. Buna görə də aramızda sözlə münaqişə yarandı. Həmin vaxt telefonumu Nərminin əlindən aldım. Sağ əlim ilə onun sifətinin sol nahiyəsindən şillə ilə, mobil telefonu onun başına vurdum. Nərmin evin həyətinə qaçdı. Qışqıraraq özünü yerə yıxdı. Mən də Nərminin ardınca həyətə çıxdım və onu evə gətirdim. Əlim ilə sinəsindən itələyərək otuzdurdum. Münaqişə vaxtı yanımızda heç kəs olmayıb. Uşaqları isə digər otaqda olublar”.
İş üzrə zərərçəkmiş Nərminin sözlərinə görə, həyat yoldaşı Vüsal ilə birgə yaşadıqları müddətdə aralarında dəfələrlə münaqişələr olub: “Hətta bir dəfə boşanmışıq. Sonra isə yenidən nikaha daxil olmuşuq. Aramızda yaranan sözlə münaqişələr zamanı həyat yoldaşım məni təhqir edərək döyüb. Lakin bu barədə heç yerə rəsmi müraciət etməmişəm. Həmin münaqişələrə səbəb isə Vüsalın ailəyə baxmamağı olub”.
Zərərçəkmiş şəxsin sözlərinə görə, avqustun 30-da, axşam saat 22.00-da Vüsalın mobil telefonuna baxdığı zaman onun özünə məxsus “LeoBank” və “BirBank” kartından ayrı-ayrı qadınlara pul göndərdiyini görüb: “Bu barədə Vüsaldan soruşdum. Üstümə qışqırdığı üçün mobil telefonumu götürərək evin həyətinə çıxdım və atama zəng etdim. Vüsal arxamca həyətə gələrək mobil telefonunu əlimdən aldı. Qəsdən başıma vurdu,, saçımdan tutaraq həyətdə yerlə sürüdü. Vüsalın əlindən çıxaraq evə qaçdım və divanda oturdum. Vüsal evə daxil olanda sağ əlinin yumruğu ilə başımdan bir neçə dəfə qəsdən vuraraq xəsarət yetirdi və əlləri ilə boğmağa başladı”.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Vüsalın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


