“Azərbaycandan kənarda yaşayan hər bir soydaşımızın 44 günlük Vətən müharibəsində əldə olunan parlaq qələbədə payı var. Bu o deməkdir ki, həmrəyliyimiz bizə uğur gətirir, dövlətimizi inkişaf etdirir. 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarmızda yenidənqurma işlərinin sürətlənməsi üçün birliyə ehtiyacımız var. 31 dekabr tarixi bütün dünya azərbaycanlılarının həmrəylik nümayiş etdirdiyi mühüm gündür”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. Həmrəylik Gününün tarixinə toxunan deputat qeyd edib ki, hər bir xalqın bir olmağa ehtiyacı var:
“Azərbaycan xalqının isə həmrəy olmağa həmişə daha çox ehtiyacı olub. Tarixən Azərbaycan bir neçə yerə bölünüb. 19-cu əsrin əvvəllərində müstəqil Azərbaycan xanlıqları Çar Rusiyası tərəfindən işğal olunandan sonra şimali Azərbaycan və cənubi Azərbaycan ifadələri yarandı, Araz çayı bir xalqı iki yerə böldü. Xalqın bir hissəsi Borçalı mahalında, bir hissəsi Qərbi Azərbaycanda qalıb, Dərbənd şəhəri də tarixi torpağımızdır. Parçalanmış xalqın mübarizə aparmaq üçün hər zaman həmrəy olmağa ehtiyac duyub. Ötən əsrin 80-ci illərinin sonlarında sərhəd hərəkatı meydana çıxdı. SSRİ-nin çökdüyü ərəfədə Arazın hər iki tayından xalq bir-birini səslədi. 1989-cu ildə bu hərəkat genişləndi və nəhayət, 1991-ci ildə Naxçıvan Ali Məclisinin sədri ümummilli lider Heydər Əliyev tərəfindən bu tarix rəsmiləşdirildi. Həmrəyliyin əhəmiyyətini nəzərə alan ümummilli lider Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsinin təməlini qoydu. Bu gün ulu öndərin ideyalarını uğurla həyata keçirən Ali Baş Komandan İlham Əliyevin həmrəyliyimizin, birliyimizin gücünün bütün dünyaya nümayiş etdirilməsində xidmətləri əvəzolunmazdır”.
Törə Zeynallı Demokrat.az


