Kriminal Özəl

Sumqayıtda 33 yaşlı kişi arvadına xəsarət yetirdi —TƏFƏRRÜAT

Sumqayıtda 33 yaşlı kişi arvadına xəsarət yetirdi —TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Vüsal ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Sədaqətə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vüsal arvadı Sədaqət ilə aralarında olan şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı şüşə bakal ilə ayağından vurub.

Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, təxminən 7 ildir Sədaqət ilə evlidir, birgə evliliklərindən 6 və 2 yaşlı uşaqları var: “Hadisə günü, saat 18 radələrində evə gəldim. Həyat yoldaşımdan yemək istədim. Sədaqət öz bişirdiyi yeməyin olmadığını dedi. Mən də Sədaqətə nə üçün ayrı seçkilik edərək ayrıca yemək bişirirsən dedim. Bu səbəbdən Sədaqət ilə aramızda mübahisə oldu. Həmin vaxt masanın üzərində olan şüşə stəkanı Sədaqətə tərəf atdım. Stəkan da Sədaqətin sağ yan tərəfinə dəydi”.

Təqsirləndirilən şəxs deyib ki, bundan sonra Sədaqət ona atası evinə getmək istədiyini bildirib: “Mən də Sədaqətə dedim ki, getmək istəyirsən atana de gəlsin aparsın, ancaq uşaqlarını evdə qoy get. Sədaqətdə atasına zəng edərək onu aparmasını istədi. Bir qədər sonra qayınatam evimə gələrək Sədaqəti öz evinə apardı, uşaqlar isə mənim yanımda evdə qaldı”.

İş üzrə zərərçəkmiş Sədaqətin sözlərinə görə, hadisə günü saat 18 radələrində əri Vüsal evdə olduğu zaman qayınanası yalandan ərinə onun evdə başqa qazan asdığını deyib: “Bu səbəbdən Vüsal əsəbləşərək evdə olan şüşə bakalı sağ ayağımdan vurdu. Sonra kürəyimə vurdu. Həmin gün şikayət etmədim. Atama döyülməm ilə bağlı xəbər etdim. Atam da yaşadığım evə gələrək məni öz evinə Lökbatan qəsəbəsinə apardı”.

Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Vüsalın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova