Elm və təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan “Əsas Məsələ” verilişində tədris müddətinin artırılması barədə danışıb. O qeyd edib ki, elmi tədqiqatların nəticəsinə görə, tədris müddətinin çox olması akademik göstəricələrə müsbət təsir edir: “Bura məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi də aiddir. Təhsil sahəsində qısa müddətdə uğur əldə etmək çətindir. Azərbaycan ictimaiyyəti tədris müddətinin artırılması məsələsini müzakirə etməlidir. Amma onu da təəssüflə demək lazımdır ki, mediada aparılan monitorinqlərin nəticəsinə görə, ölkəmizdə ictimai müzakirənin keyfiyyətində də problem var”.
Nazirin fikirlərinə münasibət bildirən professor Şahlar Əsgərov Demokrat.az-a açıqlamasında deyib ki, təhsil müddətinin uzadılması fikri prinsipcə müsbətdir:

“Çünki bununla dövlətimiz, cəmiyyətimiz gənclərin zaman resursunu öz nəzarəti altına almış olur, bu, yaxşı haldır. Təhsilin müddətini uzatmaqla dövlət iqtisadi yükün altına girir, ona görə ki, gənclər daha keyfiyyətli təhsil alsın. Zamanında da bunun vacib olduğunu kitablarımda yazmışdım. Amma indi artırılan vaxtı nəylə dolduracağıq, sual budur. Əgər dövrümüz və gələcəyimiz üçün faydalı, lazımlı fənləri tədris edəcəyiksə, dəyərlər aşılayacayıqsa, çox gözəl, yox, əgər, bunun əskini öyrədəcəyiksə, bunun nəticələri ağır olacaq”.
Törə Zeynallı Demokrat.az


