Elm və təhsil naziri Emin Əmrullayev “AzTV”də yayımlanan “Əsas Məsələ” verilişində bildirib ki, 2026-cı ilə qədər respublikada 137 minə yaxın müəllimin sertifikasiyadan keçməsi planlaşdırılır. Nazir qeyd edib ki, məktəb direktorları yuxarı bal toplamış müəllimlər arasından seçiləcəklər və bu proses tədricən həyata keçiriləcək.
Milli Məclisin deputatı Ceyhun Məmmədovun məsələyə yanaşması isə fərqlidir.
O, Demokrat.az-a açıqlamasında deyib ki, direktor seçimində yalnız yüksək bal deyil, idarəçilik təcrübəsi və qabiliyyəti də nəzərə alınmalıdır:

“Bu gün reallıq onu göstərir ki, təcrübə olmadan, yalnız bilik əsasında müəllimlərin işə götürülməsinin nəticələri məktəbin fəaliyyətində özünü büruzə verir. Yüksək bal meyarı yaxşıdır, amma düşünürəm ki, təcrübənin də olmasına ehtiyac var. Çünki direktor seçilən şəxsin öhdəliyi məktəbi idarə etməkdir. Bir insan çox savadlı, bilikli ola bilər, amma onun idarəçilik qabiliyyəti, təcrübəsi yoxdursa, bu, məktəb mühitinə öz təsiri göstərəcək. Məktəb direktorları bütün bu kriteriyalara cavab verən şəxslər arasından seçilməlidirlər. Direktor seçimi mərhələli şəkildə aparılmalıdır. Həmin şəxs əvvəlcə direktor müavini olmalıdır, müəyyən təcrübə əldə etdikdən və özünü doğrultduqdan sonra direktorluğa namizəd ola bilər. Yüksək bal toplayıb, amma heç bir idarəçilik təcrübəsi olmayan şəxslərin direktor seçilməsi problemlər yaradır”.
Törə Zeynallı Demokrat.az


