Kriminal Özəl

Gənc oğlan arvadının nişan üzüyünü qumarda uduzdu — MƏHKƏMƏ

Gənc oğlan arvadının nişan üzüyünü qumarda uduzdu — MƏHKƏMƏ

Sumqayıt şəhərində 2003-cü il təvəllüdlü Namiq həyat yoldaşı Aydana (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə,hadisəni törədən Namiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, təxminən 1 il bundan əvvəl Aydanla tanış olub: “Əsgərlikdən gəldikdən sonra Aydan ilə ailə qurmağa qərar verdik. Bu yay bizim toyumuz oldu. Biz anam ilə birgə yaşamağa başladıq. İndiyə qədər aramızda hər hansı ciddi söz-söhbət olmayıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən gün onlayn qumar borcu olduğu üçün anası tərəfindən Aydana hədiyyə edilmiş üzüyü ondan alaraq lombarda qoyub və evə gəlib: “Ac olduğum üçün Aydandan yemək istədim. Amma o yeməyi gec gətirdi. Bu zaman aramızda mübahisə yarandı. Saat 19.15-də yaşadığımız ünvanda olan zaman əsəbiləşərək onun sifət nahiyəsinə şillə zərbəsi vurdum. Aydan bir neçə qohumuna zəng edərək bu barədə məlumat verdi, həmin gün axşam öz istəyi ilə evi tərk etdi. Lakin onu evdən qovmadım”.

İş üzrə zərərçəkmiş Aydanın sözlərinə görə, şkayətçi olduğu Namiq onun qeyri-rəsmi həyat yoldaşıdır: “Namiqlə 1ildən çoxdur tanış olmuşam. 2022-ci ilin dekabr ayında Namiqlə nişanım olub. Həmin vaxt Namiq əsgərlikdən məzuniyyətə gəlmişdi. Nəhayət 2023-cü ildə bizim toyumuz oldu. Həmin vaxtdan etibarən qeyri-rəsmi həyat yoldaşım Namiq və anası ilə bir yerdə yaşamağa başladım. Elə ilk gündən onların mənə qarşı münasibəti yaxşı olmayıb. Lakin ailə dəyərlərini nəzərə alaraq münasibətlərimin korlanmamasına çalışmışam. Hadisə günü, təxminən saat 17.00-da Namiq götürdüyü kreditlə bağlı borcunun yarandığını bildirdi və nişan üzüyümü Lombarda goyaraq pul götürmək istədiyini dedi. Mən üzüyü ona verdim. Üzüyü Lombarda qoyaraq evə gəldi. Təxminən saat 19.15-də yaşadığımız evdə olduğumuz zaman Namiqin onlayn qumar oyunu oynadığını gördüm və əsəbiləşərək ona üzüyümü belə şeylər üçün Lombarda qoyduğumu irad tutdum. Bu zaman Namiq əsəbiləşərək üzərimə hücum çəkdi, yumruq zərbələri ilə məni döydü və evdən qovdu”. Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Namiq 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. T əqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00.00-dan növbəti gün, saat 07ş.00-dək yaşadığı Sumqayıt şəhəri, 19-cu məhəllədki evini tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılıb.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova