İsmayıllı rayonunda 1984-cü il təvəllüdlü Arzu həmyerlisi Mehraca xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyunun 26-da baş verib. Arzu həmin gün saat 23 radələrində tanışı Mehrac ilə “Elay” şadlıq sarayında keçirilən toy mərasimində aralarında olan borc məsələsinə aydınlıq gətirmək üçün şadlıq sarayının sanitar qovşağı yerləşən arxa hissəsində aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Mübahisə zamanı Arzu əsəbiləşərək Mehracın sifət nahiyəsindən yumruqla qəsdən bir neçə dəfə vurub və onu yerə yıxıb. Sonra öz cinayətkar hərəkətlərini davam etdirib və kürək nahiyəsindən təpiklə qəsdən bir neçə dəfə zərbələr vuraraq ona xəsarətlər yetirib. Hadisəni törədən Arzunun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Arzu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, ailəsi ilə birlikdə İsmayıllı rayonunun keçmiş Mican kəndində yaşayır: “Zərərçəkmiş Mehrac mənim həmkəndlim olmaqla münasibətlərimiz əvvəllər normal olub. İyunun 26-da qonşumuz İsmayıllı şəhərində yerləşən “Elay” şadlıq sarayında oğluna toy eddi. Toya məni də çağırdı. Mən də toyda iştirak etdim və musiqiçilərə nəmər verdim. Həmin an kiminsə qoluma girdiyini hiss etdim.
Qoluma girən adamın Mehrac olduğunu gördüm. Mehrac onunla birlikdə çölə gəlməyimi bildirdi. Mən çölə çıxdım və Mehracla birlikdə restoranın arxa tərəfinə getdim. Biz ora çatan kimi Mehrac yaxamdan yapışaraq “ə, camaata pul paylaya bilirsən, mənim borcumu vermirsən, tez elə ver pulumu” deyə məni hədələdi. Mehraca “sənə nə borcum qalıb ki, hamsını vermişəm” deyə bildirdim. Toyda dava yaranmasın deyə Mehracın əllərini yaxamdan araladım, özünü də əlim ilə geri itələdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, toy keçirilən zala qayıtmaq istədiyi vaxt Mehrac çiynindən yapışaraq onu geriyə çəkib: “Mən isə Mehracı təkrarən geriyə itələdim. Mehrac özünü saxlaya bilmədi, arxaya getdi və arxası üstə yerə oturdu. Daha sonra Mehrac təkrar ayağa qalxaraq üzərimə gəldiyi zaman yenidən əlim ilə onu arxaya itələdim. Həmin zaman əlim Mehracın sifət nahiyəsinə dəydi. Mən dərhal oradan uzaqlaşıb evimə qayıtdım. Sonradan bildim ki, Mehrac məndən polisə şikayət edib”.
Təqsirləndirilən şəxs deyib ki, həmin hadisə zamanı Mehraca nə təpik, nə də yumruq vurmayıb. O, əlavə olaraq qeyd edib ki, onunla Mehracın arasında belə hallar dəfələrlə olub. Onun sözlərinə görə, Mehrac təxminən 2014-2015-ci illərdə bir dəfə qaynanası Flora Hümbətovanın Bakı şəhəri Nizami rayonunda yerləşən evinə hücum çəkib: “Bununla bağlı Nizami Rayon Polis İdarəsinə müraciəti də olub. Bundan başqa eyni vaxtlarda Mehrac İsmayıllı rayonunda yerləşən evimə də gecə vaxtı hücum çəkmək istəyib. Bununla bağlı da İsmayıllı Rayon Polis Şöbəsində araşdırma da aparılıb”.
İş üzrə zərərçəkmiş Mehracın sözlərinə görə, iyunun 26-da bibisi oğlu İsmayıllı şəhərində yerləşən “Elay” şadlıq sarayında oğluna toy edib və toya onu da çağırıb: “Arzunun həmin toyda musiqiçilərə şabaş verdiyini gördüm. Arzu mənə 24 min dollar borcu olub və həmin borcu uzun müddətdir ki, ödəməyib. Bundan əsəbiləşdiyim üçün Arzuya yaxınlaşaraq onun çiyninə toxundum və çölə gəlməsini xahiş etdin. Birlikdə çölə çıxaraq restoranın arxa tərəfində söhbət etməyə başladıq. Söhbət zamanı Arzuya “nə məsələdi, mənim pulumu vermirsən, amma restoranda yerli-yersiz pul paylayırsan, çıxar pulumu ver” deyə bildirdim. Həmin zaman Arzu mənə borcunun olmadığını bildirdi. Bundan daha da əsəbiləşdim və onun yaxasından yapışaraq “nətər yəni borcun yoxdur” deyə bildirdim. Həmin an qəfildən Arzu əlini tutdu və kənara çəkərək sol göz nahiyəmdən yumruqla 1-2 dəfə zərbə endirdi. Zərbənin təsirindən özümü itirərək yerə yıxıldım. Yerdə olan zaman Arzu kürək nahiyəmdən təpiklə bir neçə dəfə zərbə endirdi. Həmçinin yumruqla sifət və baş nahiyəmə bir neçə dəfə zərbə endirdi. Bundan sonra qaçaraq restorandan uzaqlaşdı. Bir neçə dəqiqə sonra özümü toparlayaraq ayağa qalxdım və evə getdim. Evdə olan zaman bədənimdə və qarın nahiyəmdə ağrılar olduğu üçün İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına müraciət etdim”.
Bu cinayət işinə İsmayıllı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Arzu aylıq qazancından 20 faiz pul dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli Demokrat.az


