“Təbrizdə Ermənistan konsulluğunun açılması həm Azərbaycana, həm də Türkiyəyə bir mesajdır, Ermənistana isə dəstəyin nümayişidir. Təbrizdə konsulluq açmaqla İrəvan əslində səhv addım atır. Çünki indiyə qədər müharibə apardığı bir xalqın şəhərində nümayəndəlik açmaq onun özünə də problem yarada bilər. Belə olan halda Təbriz əhalisinin gedəcəyi ilk yer elə həmin konsulluq olacaq. Bu, gələcəkdə regionda qığılcımların alışmasına gətirib çıxara bilər”.
Bunu Demokrat.az-a açıqlamasında “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ramiyə Məmmədova deyib. O qeyd edib ki, bu gün İran özünü regionun ən güclü dövlətlərindən hesab edir:
“Buna görə də hər zaman regionda, eləcədə Azərbaycanda öz nəzarət mexanizmini qurmaq üçün güc strukturunu yaratmaq niyyətində olub. İran hər zaman Ermənistana dəstək verib, baxmayaraq ki, ərazisində 35 milyondan çox azərbaycanlı yaşayır, əhalinin əksəriyyəti eyni məzhəbə inanır. Azərbaycanlı vətəndaşlarının hər zaman ayağa qalxa biləcəyi ehtimalını nəzərə alan İran xüsusən də Təbrizi ciddi nəzarət altında saxlayır.
İranla Azərbaycanın münasibətlərində hər zaman gərginlik müşahidə edirik. İran Azərbaycanla münasibətlərdə ikili oyuna davam edir, baxmayaraq ki, münasibətlərdə irəliləyiş var. Konsulluğun açılması hər nə qədər İranın Azərbaycana qarşı niyyətindən xəbər versə də, o demək deyil ki, iki ölkənin münasibətləri korlana bilər. Ermənistan dünyəvi dövlətdir, istədiyi ölkədə konsulluq aça bilər. Tehrandakı Azərbaycan Konsulluğunun açılması barədə də danışıqlar gedir”.
Törə Zeynallı Demokrat.az


