Yeni İl uşaqların ən sevimli bayramıdır, Şaxta baba isə bu bayramın ən böyük qəhrəmanı. Uşaqlar bayramdan bir neçə gün əvvəl öz sevimli qəhrəmanına məktub yazır, arzularını bildirir, ondan hədiyyə gözləyirlər. Müasir dövrdə bəlkə də uşaqlarda Şaxta babaya inam artıq əvvəlki qədər deyil, onun real olmadığını düşünürlər.
Klinik psixoloq Gülşən Rüstəmova Demokrat.az-a açıqlamasında deyib ki, müsbət obrazlara inam uşaqlarda təfəkkürü inkişaf etdirir:

“Miflərə, nağıllara, möcüzələrə inam insanın sağ beyin yarımkürəsinin idarəçiliyində olan məsələdir. Sağ beyin yarımkürəsi emosiyalarla qidalanır və bunun sayəsində fəaliyyətini davam etdirir, inkişaf edir. Düşünürəm ki, uşaqlarda nağıl qəhrəmanlarına, o cümlədən, Şaxta babaya olan inamı öldürməyə çalışmamalıyıq. Çünki onlar öz uşaqlığını yaşamalıdırlar. Nağıl qəhrəmanları uşaqlara çox vaxt stimul verir, motivasiya olur. 20-30 il əvvəl bizlər də hind filmləri ilə böyümüşük, bu bizə gələcəyin parlaq olacağına inam yaradıb. Fikrimcə, insanları həyatın reallıqlarından agah etmək hər zaman mümkündür, bu, çətin deyil. Çünki məntiq obrazlı təfəkkürdən daha çox həyatımızda bizi yönləndirir. Ona görə də uşağın sualı, şübhəsi yoxdursa, onun nağıllara, obrazlara olan inamını, arzusunu qırmağa dəyməz”.
Törə Zeynallı Demokrat.az


