Gündəm Özəl

İlahiyyatçı: “Bayramı qeyd edərkən dinimizin haram buyurduğu işlər görülməməlidir”

İlahiyyatçı: “Bayramı qeyd edərkən dinimizin haram buyurduğu işlər görülməməlidir”

Yeni İl bayramına sayılı günlər qalıb. Bu ərəfədə gündəmə gələn mövzulardan biri də bayramı müsəlmanların qeyd etməsi ilə bağlıdır. Bəzi insanlar düşünür ki, Yeni İl məhz xristian bayramıdır və ya İslam dinində belə bayram yoxdursa, özünə müsəlman deyən şəxsin bunu keçirməsi günahdır.

İlahiyyatçı Tural İrfan mövzu ilə bağlı fikirlərini və doğru yanaşmanı Demokrat.az-a açıqlamasında bölüşüb:

“Ümumiyyətlə, İslam dinində iki əsas bayram var – Ramazan və Qurban bayramları. Lakin Allahın, Peyğəmbərimizin, İslamın, Quranın əleyhinə olmayan, günah işlər görülməyən bayramları da din qadağan etmir. Yeni il bayramında əgər xeyir işlər görülür, qohum-qonşuya əl tutulur, xəstələr ziyarət olunursa, niyə günah olsun?

İmam Əli əleyhissəlam buyurur ki, Allaha qarşı çıxmadığınız, günah etmədiyiniz hər gün bayramdır. Sadəcə Yeni il müsəlman bayramı olmadığı üçün bəzən sual verirlər ki, məgər başqaları biz müsəlmanların bayramını qeyd edir ki, biz də başqalarının bayramını qeyd edək? Burada da məntiq var. Odur ki, bu bayram müsəlman bayramı olmasa belə artıq xalqımızın ənənələrinə qarışmış əlamətdar gündür”.

İlahiyyatçı deyib ki, bayramı qeyd edərkən yaxşı olar ki, dinimizin haram buyurduğu işlər görülməsin:

“Məsələn, Novruz bayramında qapı pusmaq, papaq atmaq, tonqaldan hoppanıb günahların yuyulmasına inanmaq günahdır, bəlkədə də qapı pusmaq hüquqi məsuliyyət də yaradar. Lakin digər adətlər xoş qəbul edilir. Yeni ildə də içki məclisləri qurmaq, küknar ağacını bəzəmək adəti (bu, Həzrəti İsanın küknar ağacının dibində doğulması inancından yaranıb) dinimizdə yoxdur. Adətimizdə də olmayıb, sadəcə rus dövründən sonra xalqımız arasında formalaşıb. Məsələn, Türkiyədə Yeni ili bizdəki kimi təntənəli qeyd etmirlər, əksinə, Razaman və Qurban bayramını yüksək səviyyədə qeyd edirlər. Çünki onlar rus istilasından uzaq olublar”.

T.İrfan hesab edir ki, bundan sonra öz bayramlarımızı daha təntənəli qeyd etmək üçün çalışmalıyıq:

“Qarabağın qaytarılmasından daha böyük hansı bayramımız ola bilər? Müstəqillik günümüzdən üstün hansı bayramımız ola bilər? Ona görə dini və milli bayramlarımızı daha parlaq keçirməliyik. Müsəlman aləmində yeni il Məhərrəm ayının 1-dir.

Ümumiyyətlə, İslamda yeni ilin sevincli qeyd edilməsi deyə bir şey yoxdur. Miladi təqvimi ilə keçirilən yeni il də xristianlıqda Həzrət İsanın mövludu ilə bağlıdır. Yoxsa ilin təzələnməsinin o qədər də bayrama aidiyyəti yoxdur.

Fəqət bunlara rəğmən yekun olaraq İslam üləmalarının da qərarı budur ki, günah işlər görülmürsə, Allaha şərik qoşulmursa, əksinə, xeyirxahlıq, sevinc, şadlıq umulursa, bu bayramı da müsəlmanların qeyd etməsində problem yoxdur. Çünki İslam dinində xeyir işlərə tələsmək əmr olunub”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az