Siyasət Özəl

Deputat: “Fransanın Cənubi Qafqaz siyasəti fiaskoya uğramaq üzrədir”

Deputat: “Fransanın Cənubi Qafqaz siyasəti fiaskoya uğramaq üzrədir”

“Fransa tarixən müstəmləkəçi dövlət kimi tanınıb, onun son iki yüz illik tarixinə baxsaq, bunu aydın görə bilərik. Vaxtilə Amerika qitəsində, Afrikada apardığı müharibələrlə öz işğalçılıq siyasətini davam etdirib. Hətta 21-ci əsrdə də Fransanın müstəmləkə siyasəti bir sıra dövlətləri öz əsarəti altında saxlayır. Fransanın I Dünya Müharibəsi zamanı Türkiyəyə qarşı apardığı siyasət də məlumdur, hələ o dövrdən Qafqaza olan meyilləri də”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, Fransanın məqsədi Cənubi Qafqazı nəzarət altına almaqdır:

“Bunun üçün də Ermənistandan və ermənilərdən istifadə edir. Lakin Fransanın qarşısında Rusiya kimi bir güc dayanıb, o bununla mübarizə aparmağa qadir deyil. Hesab edirəm ki, Fransanın Cənubi Qafqaz siyasəti fiaskoya uğramaq üzrədir. Paşinyan da, ermənilər də başa düşürlər ki, Fransa nəyə nail olmaq istəyir. Səfirlik işçiləri adı ilə öz agentlərini Azərbaycanda yerləşdirib, müxtəlif çaxnaşmalar yaratmaq istəyir.

Təssüf ki, pul müqabilində ələ alınan ünsürlər hər yerdə olduğu kimi yəqin ki bizdə də var. Çünki səfirlik əməkdaşları özbaşına iş görə bilməzlər, vasitəçilər olmalıdır. Amma Fransanın cəhdləri bundan sonra da uğursuzluqla nəticələnəcək və o heç nəyə nail ola bilməyəcək”.

Qeyd edək ki, dekabrın 26-da Fransanın Azərbaycandakı səfirliyinin iki əməkdaşı “persona-non-grata” (“arzuolunmaz şəxs”) elan edilib. Onların 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az