Azərbaycan Rusiyaya yumurta ixracına başlayıb. Bir neçə gün əvvəl Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) yumurta göndərilib. İxrac səbəbilə daxili bazarda yumurtanın qiyməti bahalaşa bilərmi?
İqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, Rusiyada yumurta qıtlığının getdikcə artması son 10 ildə ölkədə məhsulun qiymətinin rekord səviyyədə yüksəlməsi ilə nəticələndi.
Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, qiymətlərdə 46 faizlik artım müşahidə edildi:

“Nəticədə Rusiya hökumətinin Azərbaycana müraciətindən sonra ölkəmiz yumurta ixracının bir qədər artırılması istiqamətində addımlar atmağa başladı. Bu da ölkədə yerli bazarda müəyyən dalğalara səbəb oldu. Hazırkı məqamda Azərbaycanda yumurtanın bahalaşması üçün hər hansı bir zərurət yoxdur. Dövlət Statistika Komitəsinin son məlumatına görə 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 2 milyard 100 milyon 200 min ədəd yumurta istehsal olunub. Bu da bir günə 6 milyondan artıq yumurta deməkdir. Azərbaycanda gündəlik yumurta tələbatı isə 3,5 milyondur, yəni təxminən gündəlik 2,5 milyon artıq yumurta istehsal olunur. Əvvəllər bu göstərici daha aşağı idi, gündəlik istehsal olunan yumurta 5 milyon ədəd idi. Azərbaycan gündəlik ortalama 1,6 milyon yumurta ixrac edir. Gündəlik 900 min yumurta artıq qalır, bu potensialı da biz Rusiyaya yönəldə bilərik. Əgər bundan sonra ölkədə yumurta bahalaşırsa, bu artıq təsərrüfat subyektlərinin bazarda süni qiymət artımı yaratması deməkdir. Amma qarşıdakı illərdə Rusiyaya yumurta ixracını artırsaq, daxili tələbatın ödənməsində 100 faizlik təminat olmayacağı üçün qiymət artımı qaçılmaz olacaq”.
Törə Zeynallı Demokrat.az


