Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov azad olunmuş ərazilərdə kəhrizlərin bərpasından danışıb. O, jurnalistlərə açıqlamasında deyib ki, təkcə Ağdam rayonunda 50-dən çox kəhriz mövcuddur: “Tarixi, mədəni abidə kimi, həmçinin çox dayanıqlı və vacib su təchizatı mənbəyi kimi bu gün təkcə Ağdam rayonunda 50-dən çox kəhriz şəbəkəsi var. Bu şəbəkələrin hər birində çoxsaylı kəhriz quyuları var. Onların içərisində hələ də işlək vəziyyətdə olan su ehtiyatları ilə zəngin quyular var. Amma təəssüflər olsun ki, bu kəhrizlərin də böyük əksəriyyəti dağıdılıb və onların bərpaya ehtiyacı var, bu məsələ gündəmdədir”.
Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti, biologiya elmləri doktoru professor Rauf Sultanov Demokrat.az-a açıqlamasında deyib ki, su qıtlığı səbəbilə ölkədə 60-70 ildir yeraltı su mənbələri olan kəhriz sularından istifadə olunur:
“Aran bölgəsinin yeraltı suları bir qədər coddur, içməli su kimi istifadə edilməsi mədə xəstəliklərinə səbəb olur. Son illər bu ərazilərdə əhalinin su ilə təminatının yaxşılaşdırılması üçün xeyli işlər görülüb . Ən yaxşı su Kür çayının suyudur. Çirkləndirilməyə məruz qalsa da bu gün müasir texnologiyalarla suyu təmizləyib içməyə yararlı vəziyyətə gətirmək mümkündür. Qəbələdə artezian quyuları qazılıb, bundan Bakı şəhərinin əhalisinin suya olan tələbatını ödəmək üçün istifadə olunur. Bir ekoloq kimi bunun əleyhinəyəm, çünki yeraltı sular Azərbaycanın ehtiyat su mənbələridir. Bundan o vaxt istifadə edilməlidir ki, digər su resursları tam tükənmiş olsun. Kəhriz sularından istifadə etməklə həm yeraltı suların miqdarını azaldırıq, həm də torpaqda deqradasiya prosesini gücləndiririk”.
Ekspert qeyd edib ki, Xəzər dənizinə axan Kür və Araz çaylarının suyundan içməli su kimi maksimum istifadə etmək üçün geniş imkanlarımız var:
“Bundan başqa Xəzər dənizi ilə Qara dənizin birləşdirilməsi Azərbaycanda su qıtlığı probleminin qarşısını ala bilər. İranla Rusiya arasında bağlanmış sazişə əsasən İranın cənub ərazilərini əhatə edən su hövzələrinin kanal vasitəsilə Xəzər dənizinə birləşdirilməsi prosesinə başlanılıb. Xəzər dənizi ilə Qara dənizi də birləşdirən kanal tikilərsə, bundan həm nəqliyyat vasitəsi kimi, həm turizm məqsədilə istifadə etmək, həm də dəniz suyunu şirinləşdirib Azərbaycanın bütün bölgələrini su ilə təmin etmək olar. Həm içməli su kimi istifadəyə yarayar, həm də kənd təsərrüfatında istifadə etməklə torpaqların şoranlaşmasının qarşısını almaq olar”.
Ekoloq su elektrik stansiyalarının tikilməsinin əhəmiyyətini vurğulayıb:
“Kəlbəcər rayonunda ümumilikdə 7 su elektrik stansiyası və su anbarı tikilib. Bu proses tək işğaldan azad edilmiş əraziləri deyil, digər rayonları da əhatə etməlidir. Şimal bölgəsində - Zaqatala, Balakən, Quba və Şamaxıda bunun üçün imkanlar var, orada 40-50 su elektrik stansiyası tikilə bilər. Su elektrik stansiyaları alternativ su və enerji mənbələridir”.
Törə Zeynallı Demokrat.az


