Media

Media nümayədələri onları 2023-cü ilin “Ən yaxşı mətbuat katibi” seçdi

Media nümayədələri onları 2023-cü ilin “Ən yaxşı mətbuat katibi” seçdi

Mətbuatdan qaçan, dostlar qrupu, dostlar "klubu" yaradan mətbuat xidmətləri...

Dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki, dövlət qurumlarının fəaliyyəti ilə yanaşı, həm də KİV əməkdaşlarının işinə yarayar.

Azərbaycanda dövlət qurumlarının mətbuat xidmətlərinin hamısı media ilə eyni səviyyədə çalışmır. Etiraf etməliyik ki, fəaliyyətsizliyi ilə jurnalistləri narazı salan mətbuat xidmətlərinin sayı az deyil.

Bir neçə gün sonra artıq 2024-cü ilə qədəm qoyacağıq. 2023-cü ilin son günlərində Moderator.az media nümayəndələri arasında sorğu keçirdi. Onlardan “İlin ən yaxşı” mətbuat katiblərini xəbər aldıq.

Media nümayədələri onları 2023-cü ilin “Ən yaxşı mətbuat katibi” seçdi

“Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər il ərzində medianın suallarını operativ şəkildə cavablandıran mətbuat katiblərinin adlarını açıqladı:

“Mətbuatın ən asan işlədiyi mətbuat xidməti elə ASAN xidmətdir. Çünki Elnur Niftəliyevi tapmamaq, əlçatmazlıq kimi bir problemi yoxdur. İstənilən vaxt mətbuatla əlaqələrdə Elnur Niftəliyevi asan tapılır. O, bir mətbuat xidmətinin necə asan tapılmasının ən yaxşı nümunəsidir. Hesab edirəm ki, bu il də mətbuat xidmətləri arasında ən əlçatmazı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri öz favoritliyini qoruyur. Belə ki, Pərviz Əbubəkirov TƏBİB-dən fərqli olaraq çalışmaq istəmir. Belə baxanda onların hər ikisi də səhiyyə sistemində olmasına baxmayaq TƏBİB-in hər hansı əməkdaşını tapmaq olur. Zamirə Ədilovanı tapmaq çətin olsa da əməkdaşlarını tapmaq hansısa məsələ ilə bağlı münasibət öyrənmək daha asandır.

Keçmiş illərə nisbətdə Media İnkişaf Agentliyi və ADA-nın birlikdə təlimlərindən sonra mətbuat xidmətlərinin bir çoxları da müsbət yönümdə dəyişimlər hiss olunur. Burada bir məsələni də nəzərə almaq lazımdı ki, bir qurumun rəhbərinin mediaya münasibəti necədirsə onun əməkdaşının, mətbuat katibinin də münasibəti o şəkildə olur. Biz bunları bəzən mətbuatdan qaçan mətbuat xidmətlərini bu şəkildə qiymətləndirməliyik. Təəssüf ki, dostlar klubu, dostlar qrupu burda aktuallığını qoruyur. Çox təssüf ki bir çox mətbuat xidmətləri ancaq özlərinə yaxın çevrə, bəlli media qurumları seçib, yalnız onlarla əməkdaşlıq edirlər. Təbii ki, bu da Azərbaycan reallığıdır, digər sahələrdə olduğu kimi bu sahə də də ciddi profilaktik tədbirlərə ehtiyac var”.

Media nümayədələri onları 2023-cü ilin “Ən yaxşı mətbuat katibi” seçdi

“Report” İnformasiya Agentliyinin müxbiri Aysel Aslanqızı mətbuat xidmətinin rəhbərləri media ilə qurum arasında körpü rolu oynadığını qeyd etdi:

“Necə deyərlər, acısı ilə şirini ilə bir ili daha geridə qoyuruq. Media nümayəndələri olaraq hər ilin sonunda həm özümüzlə, həm də işlədiyimiz qurumlarla bağlı kiçik də olsa hesabat verməyimiz artıq bir növ ritual halını alıb.

Həmişə qeyd etmişəm ki, mətbuat xidmətinin rəhbərləri media ilə qurum arasında körpü rolu oynamalıdır.

Bu il isə mənim müşahidələrimə əsasən mətbuatla sıx əlaqəni qurmağı bacaran mətbuat xidmətlərinin rəhbərlərinə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev, Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Natavan Bayramova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinə müdiri Elnur Hidayətoğlu, İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) Kommunikasiya və İnformasiya Təminatı xidmətinin rəisi Namiq Mayılov, Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Şahin Əsədli, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyevi misal göstərə bilərəm.

Yeni ildə isə hər birimizə yeni uğurlar arzu edirəm. Sözümüz kəsərli, qələmimiz iti olsun”.

Media nümayədələri onları 2023-cü ilin “Ən yaxşı mətbuat katibi” seçdi

Azadmedia.az saytının baş redaktoru Elnurə Abışova bildirdi ki, il ərzində qurumların mətbuat katibləri ilə mütəmadi olaraq çalışıb:

"Yaxşı işləyən mətbuat xidməti rəhbəri o qədər çoxdur ki, birinin adını çəksəm, digərinə haqsızlıq etmiş olaram. Pis işləyən, jurnalistin sualını görməzdən gələnlərdən biri İqtisadiyyat Nazirliyinin mətbuat xidmətidir. Abbas müəllim də elə idi, sələfi Zaur müəllim də. Zaur bəyə sorğu yolladım, günlərlə gözlədim, görməzdən gəldi. Mən də həmin sualı Mikayıl Cabbarovun ünvanına yazıb sosial şəbəkədə işarələyəcəyimi bildirdim. Həmin saniyə səs göndərdi, mən də dinləmədim".

Media nümayədələri onları 2023-cü ilin “Ən yaxşı mətbuat katibi” seçdi

"Yeni Müsavat" Media Qrupun əməkdaşı Nigar Həsənli 2023-cü il ərzində bəzi qurumlarla sıx, bəzi qurumlarla isə nisbətən az əməkdaşlıq etdiyini bildirdi:

“Ən çox sorğu göndərdiyim qurumlar arasında Elm və təhsil nazirliyi, TƏBİB, FHN, AQTA, XİN, ƏƏSMN, yerli icra hakimiyyəti orqanları, DİN ön sıradadırlar.

Daha çox razı qaldığım qurumlar TƏBİB, FHN, XİN, DİN, Bakı şəhər İcra Hakimiyyətidir. Kommunal xidmətlər göstərən qurumlarla- Azərişıq, Azəriqaz, Azərsu və başqaları ilə nisbətən az işləsəm də, sorğularıma dərhal, aydın cavab əldə etmişəm.

Qətiyyən razı qalmadığım qurum AQTA-dır. Təkcə, son 4 ayda göndərdiyim sorğuların heç birinə cavab ala bilməmişəm. Dəfələrlə xatırlatmağıma, elektron qaydada müraciət etməyimə baxmayaraq, hər dəfə "yaxşı", "araşdırarıq", "problem yoxdur" desələr də, nəticə olmayıb. Onu da qeyd etmək lazımdır ki, mətbuat katibinin işi təkcə, zəngə cavab vermək deyil. Əsas məsələ sorğunu qəbul edib, ona konkret, əhatəli, normal cavab verməkdir. Bəzən tənqidə dözmürlər, amma anlamırlar ki, tənqid inkişaf üçün mühüm amildir. Mətbuat katibləri yaxşı işləsələr, bizim də yazılarımız tam, əhatəli alınar. Bu da hər iki tərəfə xeyirlidir”.

Media nümayədələri onları 2023-cü ilin “Ən yaxşı mətbuat katibi” seçdi

Qaynarinfo.az saytının redaktoru Pərvin Kazımoğlu bildirdi ki, bu il ətbuat katibləri daha aktiv şəkildə çalışıb:

“Ümumilikdə bu il ötən illərə nisbətən mətbuat xidmətlərinin işində canlanma hiss olundu, operativlik artdı. Amma yenə də kifayət qədər peşəkarlıq hiss olunmur, daha çox yeniliklərə, operativliyə ehtiyac var. Daxili İşlər Nazirliyi, TƏBİB, "ASAN Xidmət", Sosial Xidmətlər Agentliyi, "Azərişıq", "Azəriqaz" və s. rəsmi qurumların mətbuat xidmətlərinin işi qənaətbəxş olub. Günün istənilən vaxtında sorğulara operativ cavab veriblər. Elm və Təhsil Nazirliyində həmişəki problemlər qalır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında eyni sözləri deyə bilərik. Səhiyyə Nazirliyində bu il müəyyən irəliləyiş olsa da, daha çox dəyişikliyə ehtiyacları var. TƏBİB-dən nümunə götürsələr, daha yaxşı olar”.

Media nümayədələri onları 2023-cü ilin “Ən yaxşı mətbuat katibi” seçdi
Yeni Azərbaycan qəzeti Müşfiqə Bayramlı media nümayəndələrinin adlarından bixəbər olan mətbuat katibindən danışdı:

“Mədəniyyət sahəsindəki mətbuat katibləri ilə bağlı fikir bildirmək istərdim. Bir çox mədəniyyət ocaqlarının mətbuat katibləri sosial sahədə çalışan mətbuat katiblərindən daha operativdilər. Xüsusilə Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı, eləcə də Opera və Balet Teatrından İradə xanım və Şükufə xanımı deyərdim. 2023-cü ildə Konqres Mərkəzində onlarla tədbiri işıqlandırmaq üçün iştirak etmişəm. Bu mədəniyyət mərkəzinin fəaliyyəti və əməkdaşları hər dəfə öz peşəkarlıqları ilə mənim rəğbətimi qazanırlar.

Səhiyyə nazirliyinin mətbuat katibi Pərviz müəllim nə biz jurnalistləri tanıyır, nə də biz onu”.

D
demokrat.az