Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfəri əlamətdar hadisələrlə yadda qaldı. Prezident və xanımı Xocavənd və Xocalı rayonlarına səfər etdilər, Şuşada aparılan quruculuq işləri ilə tanış oldular. Dövlət başçısının Xankəndiyə budəfəki səfəri isə tarixi əhəmiyyət kəsb edir. Sentyabr ayında antiterror tədbirləri nəticəsində Azərbaycan ordusu bütün vətən torpaqlarında suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən sonra müstəqillik tariximizdə ilk dəfə Xankəndi stadionunda futbol matçı keçirildi. Prezident İlham Əliyevin topa rəmzi toxunuşundan sonra futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandaları qarşılaşdı. Oyunu izləyənlər arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da var idi. Dövlət Himni səsləndikdən sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Dövlət başçısının oyundan əvvəl stadiondakı çıxışı özündə mühüm məqamları əks etdirir. Prezident qeyd etdi ki, bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var:
“Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq”.
Üç ay bundan əvvəl Xankəndinin azadlığa qovuşmasını xatırladan ölkə başçısı birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycanın öz dövlət suverenliyini tam təmin etdiyini, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağının dalğalandığını bir daha vurğuladı:
“Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər.
Biz - bu torpaqların sahibləri qurub-yaradırıq, o cümlədən Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq”.
İlham Əliyevin çıxışında “bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir!” deməsi dövlət-xalq birliyini önə çəkən parlaq misaldır:
“Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir.
Əziz dostlar, dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!” 
Deputat Vüqar İskəndərov Demokrat.az-a açıqlamasında bildirdi ki, Xankəndidə təşkil olunan futbol matçı Azərbaycanın öz ərazilərində suverenliyini bərpa etməsinin və müharibənin tam bitdiyinin, bölgəyə tərəqqinin, inkişafın, dayanıqlı sülhün gəlişi üçün atdığı addımların bariz nümunəsidir:

Tanınmış teleaparıcı, matçın diktoru Sənan Şəfizadə isə sayta açıqlamasında oyun boyu diqqət çəkən məqamlardan söhbət açıb:

“Azərbaycan Prezidentinin dediyi kimi, bu oyunun qalibi Azərbaycan xalqıdır. Təşkilati işlərdə hər detala diqqət edilmişdi. Hakimlər briqadası 44 günlük müharibənin iştirakçıları idi. Unudulmaz anlar yaşadıq. 6 min azarkeş toplaşmışdı və onlar cənab Prezidenti, futbol komandalarını böyük coşqu ilə qarşıladılar. Bu, 30 ildən sonra Qarabağda və məhz Xankəndidə ilk kütləvi idman yarışı idi. Bu oyunu izləmək üçün 6 saat yol gələnlər vardı, amma heç kəsdə yorğunluq hiss olunmurdu. Azəbaycan idmanı həmin gün yumruq kimi birləşdi. Həm də dünyaya mesaj verildi ki, Azərbaycan öz torpaqlarına sahib çıxıb. Bundan sonra Qarabağda, Xankəndidə idman yarışları çox keçiriləcək. Bu oyunun tarixi əhəmiyyəti həm də bu idi ki “Qarabağ” klubu 30 ildən sonra doğma torpaqda futbol meydançasına çıxırdı. Artıq onlar qonaq deyildilər, ev sahibi idilər. “Qarabağ” evinə qayıtmışdı.
Bilirsiniz ki, mən oyunun aparıcısı idim. Bu oyun barədə öz fikirlərimi yazmaq istəyirəm. Amma, inanın, o hisslərin təsiri altındayam, orada yaşananların təsirindən hələ də çıxa bilmirəm. Cənab Prezidentin sahəyə enib topa zərbə vuraraq oyunu açması, Prezidentin və Mehriban xanımın da şəhid övladlarının əhatəsində oyunu əvvəldən sonadək – 90 dəqiqə izləmələri, bu, bilirsiz, sanki yuxu kimi idi. Oyun başlamadan öncə də şəhid övladları sahəyə çıxmışdılar, futbol topu ilə öz aralarında oynadılar. Bu da rəmzi xarakter daşıyırdı. Şəhid övladlarının sevincini izləmək möhtəşəm idi. Bu, ilin matçı idi. İllərə bərabər oyun idi. Xankəndi stadionuna toplaşmış azarkeşlər cənab Prezidentlə birgə “Qarabağ Azərbaycandır” şüarını səsləndirdilər. Bu, çox əhəmiyyətli hadisə idi. Sanki təbiət də bizim Xankəndinə qayıtmağımıza sevinirdi. Yaz havası vardı həmin gün. Bu, əsl bayram idi. Bu bayramı bizə yaşatdıqları üçün cənab Prezidentə, şanlı ordumuza, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edirik, qazilərimizə can sağlığı arzulayırıq. Orada xarici ölkələrin mediası da vardı. Paytaxtdan gələn media nümayəndələri də. Mən oyun zamanı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun gözündəki işığı gördüm. “Qarabağ” klubunun prezidenti Tahir müəllim illər öncə söyləmişdi ki, biz qayıdacağıq. Ola bilsin, mən pərakəndə danışıram, çünki o hissləri dəqiq ifadə etmək çətindir. Tam olaraq nə baş verib, bəlkə də hələ anlamırıq. Qarabağda idman yarışları çox olacaq. Amma bu oyun Azərbaycan idmanının da Qarabağa qayıdışının təsdiqi idi. İllər keçəcək, 21 dekabr 2023-cü ildə Xankəndi stadionunda olan insanlar qürurla deyəcəklər ki, biz orada olmuşuq”.
Törə Zeynallı Demokrat.az
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış mövzusunda hazırlanıb.


