Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin videokonfrans formatında keçirilən növbəti iclasında “Təhsil haqqında” Qanuna edilən dəyişikliklər müzakirə olunub. “Təhsil haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən məişət zorakılığının qarşısının alınması və zorakılığa yol verilməməsinin təşviqi məqsədilə dərsdənkənar məşğələlər zamanı təhsil alanların yaş xüsusiyyətləri nəzərə alınmaqla qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzuların tədrisi nəzərdə tutulub.
Təhsil eksperti İlqar Orucovun fikrincə, məktəbin əsas vəzifələrindən biri gələcək üçün şəxsiyyət hazırlamaqdır. O, Demokrat.az-a açıqlamasında deyib ki, məktəblərdə məişət zorakılığının qarşısının alınması və qeyd olunan digər mövzuların tədrisi vacibdir:

“Əgər məktəb gələcək üçün mənəvi və psixoloji sağlam vətəndaş hazırlamaq funksiyasını yerinə yetirirsə, mütləq şəkildə bu mövzulara yer verilməlidir. Tədris alanların bu mövzularda maarifləndirilməsinə təhsil ocaqlarında zaman ayrılmalıdır. Cəmiyyət olaraq övladlarımızın bu mənada maariflənməsində maraqlı olmalıyıq. Düşünürəm ki, “Təhsil haqqında” Qanuna edilən dəyişikliklərdə bu məqamlara diqqət edilməsi müsbət haldır. Mənəvi dəyərlərimizə, eyni zamanda bəşəri dəyərlərə hörmət edilməsinə qanunvericilik səviyyəsində önəm verilməsi təqdirəlayiqdir. Bu, şagird və tələbələrin vətəndaş kimi formalaşması baxımından da əhəmiyyətlidir”.
Törə Zeynallı Demokrat.az


