Gündəm Özəl

"Ermənistana köçən Qarabağ erməniləri Paşinyan hökuməti üçün potensial təhlükədir" — ŞƏRH

Ermənistana köçən Qarabağ erməniləri Paşinyan hökuməti üçün potensial təhlükədir — ŞƏRH

Qarabağdan İrəvana qaçan keçmiş separatçı rejimin qondarma təhlükəsizlik şurasının katibi Samvel Babayan Ermənistan hakimiyyətinin Azərbaycanla sülh sazişi imzalamaq istəyinə qarşı çıxıb. Babayan indi sülh bağlansa da, müharibənin yenidən başlanacağını iddia edib. Bildirib ki, Qarabağda ermənilərə “muxtariyyət” verilməsə, heç vaxt sülh olmayacaq, 20 ildən sonra yeni müharibə başlayacaq.

Babayanın açıqlamasını Demokrat.az-a şərh edən politoloq Natiq Miri deyib ki, o, siyasi amil olaraq elə bir ciddi fiqur deyil və onu mövqeyini bərpa etmək üçün boğazdan yuxarı fikirlər səsləndirməyə sövq edirlər:

“Düşünürəm ki, bunun da arxasında məhz Paşinyan hökuməti durur. Əsas məqsəd yenidən Qarabağ erməniləri arasında onun nüfuzunu qaldırmaqla bütövlükdə Qarabağ ideyasını Babayana həvalə etməkdir. Çünki bu gün Şahramanyan Ermənistan hökumətinə nə qədər sadiq olduğunu bildirsə də, ona etibar etmirlər. Ona görə ki Şahramanyan məhz Rusiyanın istəyi ilə qondarma hakimiyyətə gətirildi. Hesab edirəm ki, Ermənistan hökuməti Şahramanyanı Qarabağ ermənilərinin lideri olaraq görmək istəmir, onun yerinə Babayanı önə çəkir. Qarabağ ideyası mövcuddursa, bu ideyanı öz nəzarətləri altında olan şəxsə tapşırmaq istəyirlər. İkincisi isə Azərbaycandan öz xoşu ilə getmiş ermənilərdən gələcəkdə Paşinyan hökumətinə qarşı istifadə edilməsinin qarşısını almaq məqsədi güdülür. On minlərlə Qarabağ ermənisi bu gün Ermənistanda yerləşib, onlar potensial təhlükə olaraq qalır. Mənə elə gəlir ki, Babayanın açıqlaması sadəcə olaraq görüntü xarakteri daşıyır. O özü Azərbaycan əleyhinə cinayət törətmiş bir şəxsdir. Gələcəkdə Qarabağ ermənilərinə muxtariyyət verilməsini, Azərbaycanla danışıqlar aparılmasını tələb etmək səlahiyyətində olan şəxs deyil”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova