Kriminal Özəl

Bakıda 34 yaşlı kişi arvadını evdən qovdu, uşaqlarını sığınacağa verdi — MƏHKƏMƏ

Bakıda 34 yaşlı kişi arvadını evdən qovdu, uşaqlarını sığınacağa verdi — MƏHKƏMƏ

Bakının Xəzər rayonunda 1989-cu il təvəllüdlü Aslan həyat yoldaşı Aynurəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 21 avqust 2023-cü ildə, saat 19.00-da rayonunun Binə qəsəbəsi “Ümid yeri” uşaq evinin qarşısında baş verib.

Aslan orada arvadı Aynurə ilə aralarında ailə münaqişəsi zəminində mübahisə baş verib. Mübahisə zamanı Aynurənin ayağına təpiklə qəsdən bir dəfə vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Aslanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aslan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2013-cü ildə Aynurə ilə qeyri-rəsmi ailə həyatı qurub: “2017-ci ildə isə rəsmi nikaha daxil olmuşuq. Bu evlilikdən üç azyaşlı uşağımız var. Yaşadığımız müddət ərzində dəfələrlə aramızda qısqanclıq zəminində münaqişələrimiz olub. Aynurənin işləməyini istəmirəm, ondan işdən çıxmağını dəfələrlə tələb etmişəm. Lakin o, buna razılıq verməyib və sözümə qulaq asmadığı üçün təxminən bir il bundan əvvəl onu döymüşəm, evdən qovmuşam. İmkansızlıqdan uşaqları “Ümid yeri” uşaq evində yaşayırlar. Mən ara-sıra gedərək onlara baş çəkirəm”.

Təqsirləndirilən şəxs deyib ki, avqustun 21-də, saat 19.00-da arvadı ilə barışmaq üçün “Ümid yeri” uşaq evinin qarşısına gedib: “Lakin orada olarkən aramızda səbəbsiz yerə mübahisə baş verdi. Mübahisə zamanı Aynurə məni söyüb təhqir etdiyi üçün, təpiklə bir dəfə onun ayağına qəsdən vuraraq bədən xəsarəti yetirdim. Aramızda baş verən münaqişə bir neçə dəqiqə davam etdi. Həmin vaxt yanımızda heç kim olmayıb. İlk dəfə törətdiyim bu əməli etiraf edirəm. Lakin özümü təqsirli bilmirəm. Aramızda barışıq yoxdur. Himayəmdə üç azyaşlı uşağım var. Bunun nəzərə alınaraq barəmdə ədalətli qərar çıxarılmasını xahiş edirəm”.

İş üzrə zərərçəkmiş Aynurənin sözlərinə görə, yaşadıqları müddət ərzində dəfələrlə aralarında qısqanclıq zəminində münaqişələr olub: “Aslan təxminən bir ildir ki, ailə münaqişəsi zəminində məni döyür və təhqir edir. Mən də bundan bezdiyim üçün onun yaşadığı evdən çıxaraq hazırda Binə qəsəbəsində yerləşən yataqxanada yaşayıram. Uşaqlarım isə Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq evində qalırlar. Mən hər gün gedib uşaqlara baş çəkirəm”. Zərərçəkmiş qeyd edib ki, avqustun 21-də, saat 19.00-da “Ümid yeri” uşaq evinin həyətində olan zaman Aslan oraya gəlib və onunla işlədiyi üçün münaqişə yaratmağa başlayıb: “Münaqişə zamanı təpiklə qəsdən ayaq nahiyəmə bir dəfə vuraraq xəsarət yetirdi. Aslan ilə barışmamışam, ondan şikayətçiyəm. Törətdiyi əməlinə görə Aslanın müvafiq cəza verilməsini xahiş edirəm”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Aslan 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsə yaşadığı ünvanını gecə saat 24.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova