Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov qadın qətllərindən danışıb. O, sosial şəbəkələrin, televiziyada verilən serialların insanların psixologiyasına mənfi təsir etdiyini, cinayətlərə səbəb olduğunu deyib: "Hər gün mətbuatda qadınların öldürülməsi ilə bağlı xəbərlərə rast gəlirik. Görürük ki, qardaş bacısını öldürdü, ər arvadını baltaladı və s. tipli xəbərlər var. Orta hesabla ildə 1000 qadın bu cür cinayətin qurbanı olur. Burada "TikTok"un, sosial şəbəkələrin rolu var. Hətta bu cinayətlər istənilən yerdə baş verir, küçədə, konsert salonlarında və s. Qeyd edim ki, əvvəllər bu hadisələr şəhərdə çox idisə, indi kənd yerlərində də belədir. Rusiyadan gəlib birinci həyat yoldaşını öldürür. İkincisi gedir xaricə, ailəsiylə maraqlanmır, gəlib arvadını, bacısını öldürür. Televiziyada da bunu tərənnüm edən serialların qarşısı alınmalıdır. Bilməyənləri də serial vasitəsi ilə öyrədirlər ki, necə öldürmək olar”.
Deputatın qaldırdığı məsələyə sosioloq Elçin Bayramlı da Demokrat.az-a açıqlamasında münasibət bildirib:
“İllərdir bu problem barədə durmadan danışırıq, bar-bar bağırırıq, bunun nəyə gətirib çıxardığını izah edirik, statistika qoyuruq ortaya. Ölkədə açıq-aşkar mənəvi deqradasiya gedir. Məqsəd cəmiyyətin mənəvi dəyərlərini alt-üst etmək, ailə institutunu dağıtmaq, uşaqların tərbiyəsini pozmaq, narkomaniyanı yaymaq, gəncləri “azad həyat” adı altında qudurğan böyütmək, “qadın azadlığı”, “gender bərabərliyi” adı ilə əxlaqsızlıq, fahişəlik yaymaqdır. Bu şəkildə mənəvi terror kampaniyası aparılır uzun zamandır.
Boşanmalar üzrə ilkin yerləri tuturuq, artıq 50 faizə çatır bu göstərici. Ailədaxili münaqişələrin artması, cəmiyyətdə aqressiv insanların yetişməsi, uşaqların məktəbdə özbaşınalıqlarının səbəbi bu faktorlardır. Təəssüf ki, bu, cəmiyyətin özünün də zərrə qədər vecinə deyil. Yalnız dövlət tərəfindən görülən sərt tədbirlərlə bu işin qarşısı alına bilər.
Törə Zeynallı Demokrat.az


